Lənkəran rayonu Tütəpeştə kənd orta məktəbinin direktoru Rövşən Əliyevin həmin məktəbin şagirdini dərsə gecikdiyinə görə döydüyü barədə məlumatlar yayılıb.
Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru tərəfindən döyülməsi barədə polisə məlumat verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına görə, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb.
Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, T.Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edib.
Həmin tarixdə DİN-in “102” xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib.