AZ

Ərdoğanın müşaviri: Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq

Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni üzrə razılığın əldə olunması müsbət haldır.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç NTV-nin efirində deyib.
Kılıç bildirib ki, bununla belə proses hələ davam edir: “Azərbaycan torpaqları 30 il işğal altında olub. Bu hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılmalıdır. Yaxın gələcəkdə davamlı sülhün təmin olunacağına ümid edirik”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bildirib.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - bəyanatda bildirilib.

Nazirlik həmçinin vurğulayıb ki, Ermənistanın konstitusiyasına düzəlişlərin edilməsinin zəruriliyi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır.
Bakı həmçinin normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə İrəvanla ikitərəfli dialoqu davam etdirməyə hazırdır.

Seçilən
3
13
demokrat.az

10Mənbələr