AZ

Bakı sakinlərinə xoş xəbər: bu tarixdən…

Hər gün yüzlərlə insanın tıxacla bağlı şikayətinin şahidi oluruq. Təssüf ki, tıxacın aradan qaldırılması üçün həyata keçirilən layihələr Bakının yollarını daha da iflic edir. Məsələn, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) küçə və prospektlərdə tətbiq etdiyi “yenilik”, parklama metodu, velosiped yolları üçün ayrılmış zolaqlar, dairələrdə yeni sistem, əslində isə sistemsizlik və s. tətbiqi paytaxtda xaosa səbəb olub. Çıxış yolu da görünmür, ya da var, göstərən yoxdur.


Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov Bakı şəhərindəki tıxacların səbəbinin çox olduğunu vurğulayıb.


Onun fikrincə, tıxac məsələsini bir gündə həll etmək çətindir:


“Tıxaclarının yaranmasının obyektiv və subyektiv səbəbləri var. Bakı iri paytaxt və sənaye şəhəridir, indi də turistik şəhərə çevrilir. Düşünün, 3-4 milyon əhalisi var və hər il 1,5 milyon nəfər turist gəlir. Avtomobil sayı da çoxdur. Mədəni həyatı zəngin olduğu üçün hər gün tədbirlər keçirilir. Bu tədbirlər isə əsasən şəhərin mərkəzində baş tutur. Belə olduqda əlbəttə ki, tıxaclardan bir günə qurtulmaq mümkün deyil. Avtobus və velosiped zolaqlarının çəkilməsi dövlət proqramında təsdiq olunub. Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramında qeyd olunur ki, avtobus və velosiped zolaqları çəkilsin, şəhərdə hərəkət hər kəs üçün sərbəst olsun. Bu gün “Şəhər mobilliyi” deyilən yeni bir proqram var. Bu isə o deməkdir ki, şəhərdə hərəkət hamı üçün sərbəst olmalıdır. İstər ictimai nəqliyyatdan, istər velosiped, istərsə də avtomobil idarə edən vətəndaş üçün belə olmalıdır. Avtobus və velosiped zolaqlarının çəkilməsi də ona əsaslanaraq həyata keçirilib”.


Ekspert deyib ki, zolaqla bağlı məsələdə insanlar fərqli düşünür:


“Avtobusla hərəkət edən vətəndaşlar bunun yaxşı olduğunu və evə nisbətən tez çatdıqlarını deyirlər, avtomobil sürücüləri isə əksinə, pis olduğunu, həmin zolağa daxil ola bilmədiyini, getdiyi məntəqəyə gec çatdığını bildirir. Ola bilər, bu gün velosiped zolağından istifadə edən vətəndaşlarımızın sayı çox deyil, amma 2-3 il sonra bu sayın artacağını düşünürəm. Mikromobillik vasitələrindən istifadə edən vətəndaşlarımızın sayı getdikcə artır. Biz həm də ekosistemin yaxşılaşdırılması prioritetini götürmüşük. Əgər biz üzərimizə belə bir məsələ götürmüşüksə, onda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin hərəkətinə daha çox imkan yaratmalıyıq. Parklanma məsələsi elədir ki, 3 il əvvəl bu sahədə dorğudan da özbaşınalıq var idi. İldə milyonlarla pul büdcəyə deyil, kənara gedirdi. Həmçinin “parkovşik” dediyimiz parklanma nəzarətçiləri var idi ki, onlar pulu toplayıb hara verirdilər, məlum deyildi. Ona görə də parklanma sisteminin hər hansı bir formada yaranmasına ehtiyac var idi. İndi sistem belə qurulubsa o demək deyil ki, onu dəyişmək olmaz. Müxtəlif təkliflərlə çatışmazlıqları aradan qaldırmaq mümkündür. Biz də mütəmadi olaraq qurumlara təkliflərimizi veririk ki, müəyyən işlər görülsün”.


E.Cəfərovun sözlərinə görə, tıxacların aradan qaldırılması məsələsi Bakı və ətraf ərazilərdə nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2025-2030-cu illəri əhatə edən dövlət ptorqramında təsdiq olunub:


“Tıxac məsələsi həmin proqram çərçivəsində həll edilməyə başlayacaq. Yeni yollar çəkiləcək, yollar genişləndiriləcək, yol ötürücüləri, tunellər, körpülər tikiləcək. Həmçinin tıxaca səbəb olan dar boğaz, yəni “butulka effekti” dediyimiz yerlər var ki, onlar sökülüb, yenidən inşa olunmalıdır. O proseslər də gedəcək. Biz 2025-30-cu illəri əhatə edən proqramlara uyğun hərəkət etməliyik ki, tıxaclardan necə qurtulaq. Həmin proqramda konkret olaraq Bakı və ətraf ərazilərdə yol nəqliyyat məsələlərinin həll edilməsi və tıxacların aradan qaldırılması, yollarımızın daha təhlükəsiz olması üçün konkret müddəalar var.


Orada hansı tarixdə hansı məsələnin həll edilməsi və bu məsələni kimin həll etməli olduğu göstərilir. Məsələn, qeyd olunub ki, Bakı şəhər ərazisində olan bütün piyada keçidlərində işləməyən lift, eskalatorların təmiri və yenidən istifadəyə verilməsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AYDA) cavabdehlik daşıyır. Eyni zamanda küçələrin işıqlandırılması məsələsinə birbaşa olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət etdiyi deyilir. Belə olduqda biz artıq hansı quruma müraciət etməli olduğumuzu bilirik. Əgər doğrudan da şəhərdə tıxacların olmasını istəmiriksə, o zaman mütəmadi olaraq qurumlardan bu hesabatları istəməli, hansı işlərin görüldüyünü soruşmalıyıq. Baxın, yollarda lyuk çuxurları var və 40-50 ildir onlar həll edilmir. Yollar çəkilir, asfalt vurulur, amma bu çuxurlar yerində qalır. Hər gün on minlərlə avtomobil həmin çuxura düşür. Hər şeyi həll edə bilirik, amma nədənsə bunu edə bilmirik. Media bunlarla bağlı mütəmadı sorğular göndərməli, təmirin olub-olmadığını soruşmalıdır. Ölkə başçısı müvafiq qurumları qəbul edərkən dedi ki, cəmiyyət özü də fəal olmalı və təkliflərini verməlidir. Cəmiyyətin də əsas fikirlərini bildirən qurum mediadır. Şəhərimizdə hərəkət hamı üçün sərbəst olmalıdır”.

Seçilən
0
2
referans.az

3Mənbələr