"Real"ın hücumçusu Kilian Mbappe komandadakı ilk mövsümündə vurduğu qolların sayına görə braziliyalı Ronaldonu geridə qoyub.
90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu “Vilyarreal”ın qapısında 6 dəqiqə ərzində iki dəfə yol tapıb. Mbappe bütün yarışlarda keçirdiyi 44-cü matçında "Real"ın heyətində 30 və 31-ci qollarını vuraraq, Ronaldonun nailiyyətini üstələməyə imkan verib.
Kilian həmçinin La Liqada 26-cı matçında 19 və 20-ci qollarını vurub. Qol vurmaq yarışında o, “Barselona”nın hücumçusu Robert Levandovskidən bir qol geri qalır.
Mbappe yay transfer pəncərəsində "Real Madrid"ə keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 160 milyon avrodur.