Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi qətnamə ilə əlaqədar Avropa Parlamentinə etiraz məktubu ünvanlayıb. Məktubunda deyilir:
“Biz Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur.
Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törətmişdir.
Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Qətnamədə Azərbaycanın 2023-cü ildə "blokada" və "etnik təmizləmə" həyata keçirməsi barədə irəli sürülən ittihamlar başqa bir şey deyil, diqqəti haqsızlığın əsl günahkarlarından – onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş, 750 min azərbaycanlını zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə-yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardır.
Qeyd edilməlidir ki, Qarabağ bölgəsinin Azərbaycanın Konstitusiya çərçivəsinə yenidən inteqrasiyası beynəlxalq hüquqa tam uyğun həyata keçirilmişdir. Bu baxımdan Avropa Parlamentinin "sanksiyalar", sazişlərin "dayandırılması" və diplomatik məhdudiyyətlər barədə çağırışları Azərbaycanın daxili işlərinə qarışmaq üçün göstərilən qəbuledilməz cəhdlərdir. Bu cür siyasi motivli hərəkətlər regionda sabitliyə xidmət etmir, əksinə, yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır.
Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır. Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilməli olan cinayətkarlardır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentini sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə, ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməyə çağırırıq. Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər”.
XQ