AZ

Lionel Messi Atlantada 90 dəqiqə oynadı, qol vurdu - Video

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 4-cü turu çərçivəsində səfərdə “Atlanta Yunayted”lə qarşılaşıb.

Sözügedən komanda çətin səfərdən əzmkar qələbə ilə qayıdıb – 2:1. Messi 90 dəqiqə meydanda olduğu qarşılaşmanı bir qolla tamamlayıb. O, 20-ci dəqiqədə vurduğu qolla hesabı bərabərləşdirib.

“İnter Mayami” 4 turdan sonra topladığı 10 xalla MLS-in Şərq Konfransının yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 5 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 44 oyun, 38 qol və 20 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qoçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

“Transfermarkt” internet-portalı 37 yaşlı ulduz futbolçunun transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
11
arena.az

10Mənbələr