Novruz bayramı ərəfəsində şəhərdaxili və şəhərlərarası ictimai nəqliyyatın iş rejimi və sərnişindaşıma xidmətlərində dəyişikliklər olacaq.
Bayram günlərində vətəndaşların rahat səfər etməsi üçün “Azərbaycan Dəmir Yolları” QSC əlavə tədbirlər görəcək.
Sərnişin sıxlığını nəzərə alaraq əlavə reyslər təyin ediləcək, Abşeron dairəvi dəmir yolu xəttində isə qeyri-iş günlərinin qrafiki tətbiq olunacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-dən KONKRET.az-a verilən məlumata görə, qurumun bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
“Hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
Artan sərnişin tələbatı nəzərə alınaraq, 18-31 mart tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə 28 əlavə reys, 20-31 mart tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Bu marşrutlar üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq.
Bayram günlərində Bakı–Ağstafa–Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar ənənəvi qrafiklə də fəaliyyətini davam etdirəcək. Bu marşrut üzrə təyin olunmuş əlavə sürət qatarı isə hər gün saat 09:15-də Bakıdan Ağstafaya, saat 17:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar da hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Qeyd edək ki, hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə günləri Bakıdan Qəbələyə, bazar günləri isə əks istiqamətdə hərəkət edir.
Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayının artırılması nəzərdə tutulub. Belə ki, qatar hər gün saat 23:50-də Bakıdan Balakənə, saat 22:00-da Balakəndən Bakıya hərəkət edəcək. Marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyalarında, həmçinin dörd aralıq dayanacaqda sərnişinlərin düşüb-minməsi təmin edilir.
20-31 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək. 1 aprel tarixindən etibarən qatarlar iş günlərinin qrafikinə uyğun hərəkət edəcək”.