Bakı, 17 mart, AZƏRTAC
Peru hökuməti 2025-ci il martın 16-da, bazar günü axşamı qəsb ilə əlaqəli qətllər səbəbindən paytaxt Limada fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, qərar yerli müğənni Pol Floresin qatillərin avtobusa hücumu zamanı öldürülməsindən sonra qəbul edilib.
Nümayəndələrin sözlərinə görə, musiqiçiləri onlardan pul tələb edən cinayətkar dəstə hədələyib.
Qəsb bütün Latın Amerikasında problem olsa da, Peruda qorxunc səviyyəyə çatıb.
Yerli medianın verdiyi məlumata görə, yanvar ayından bəri 400-dən çox qətl hadisəsi qeydə alınıb. Keçən il də Perunun paytaxtının bəzi yerlərində fövqəladə vəziyyət elan edilmiş və ordu yerləşdirilmişdi.