Bakı, 18 mart, AZƏRTAC
Prezident İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam edir. Bu məqsədlə hazırda tam şəffaf, obyektiv şəkildə ixtisas imtahanları keçirilir. Hazırda yazılı və şifahi imtahanlarda uğur qazanmış 129 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında icbari təlim davam etdirilir.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun vəkilliyə namizədlərlə görüşü keçirilib.
Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən sədr qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə hər kəsi təbrik edib, vəkilliyə namizədlərə uğurlar diləyib, habelə təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirildiyini deyib.
Bildirilib ki, vəkilliyə qəbulla bağlı test imtahanları yerli və beynəlxalq müşahidəçilərin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi tərəfindən tam şəffaf şəraitdə keçirilir. Həmçinin ixtisas imtahanlarının şifahi müsahibə mərhələləri zamanı videoyazıdan istifadə edilərək hər namizədə eyni suallar verilir.
İnsan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris olunduğunu bildirən sədr icbari təlimdə Vəkillər Kollegiyasından 122, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından isə 7 vəkilliyə namizədlərin iştirak etdiyini vurğulayıb. Qeyd edilib ki, vəkilliyə namizədlərdən 55 nəfər qadın, 67 nəfər isə kişidir, o cümlədən onlardan 76 faizi 40 yaşadəkdir.
Həmçinin vəkillərin ilkin icbari və davamlı tədrisinin əhəmiyyətini qeyd edərək, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Vəkillər Kollegiyasıın sədri son illər tədris prosesində dəyişikliklərin edildiyini, bu sahədə müəyyən islahatların aparıldığını, bütün işlərin Ədliyyə Akademiyası ilə birgə həyata keçirildiyini, əvvəlki illərdən fərqli olaraq, daha təkmil, səmərəli və effektli proqramın mövcud olduğunu ifadə edib.
Tədbirdə Anar Bağırov Vəkillər Kollegiyasının son illər bir çox beynəlxalq təşkilatlara üzv olmağından, o cümlədən yerli dövlət qurumları ilə işgüzar əməkdaşlıqlardan danışaraq, vəkillikdən irəli gələn təşəbbüsün dövlət tərəfindən tam dəstəkləndiyini söyləyib.
Sədr vəkillərin öz peşə borcunu layiqincə yerinə yetirməli olduğunu, qanunlarla və həmçinin etik davranış kodeksi ilə üzərilərinə qoyulan vəzifələri icra etməyi, vətəndaşlara keyfiyyətli hüquqi yardım göstərməyi, qeyri-qanuni hərəkətlərə və qeyri-prosessual münasibətlərə yol verməməyi xüsusi olaraq nəzərə çatdırıb. O qeyd edib ki, bəzi formal vəkillik, qeyri-prosessual hallar vəkilliyin nüfuzunu aşağı salır və Kollegiya bununla bağlı barışmaz mövqe nümayiş etdirəcək.
Görüşdə vəkillik institutunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və gələcək planlar, Prezidentin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının bu baxımdan xüsusi əhəmiyyət kəsb etməsi, bu çərçivədə ölkədə fəaliyyət göstərən vəkillərin sayının savadlı və peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə danışılıb. Sərəncamın ilk dəfə olaraq vəkillik sahəsində aparılacaq islahatların konturlarını, istiqamətlərini müəyyən etdiyini, müasir Azərbaycan vəkilliyinin inkişafının faktorlarından biri olduğu bildirilib.
Sonra Anar Bağırovun "Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik" mövzusunda mühazirəsi dinlənilib, namizədləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.