Mediasiya prosesinin tətbiqi üçün əsaslar dəyişir.
Bakıvaxtı.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Mediasiya haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edəcək.
Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı və ya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarında bir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator və ya mediator təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesi tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ǝn yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılacaq.
Mediator (mediasiya təşkilatı) yuxarıdakı hallarda məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə mediasiya prosesinə avtomatik xitam veriləcək.
Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Mina Mikayılova