AZ

Mediatorun intizam məsuliyyətinin artırılması ilə bağlı dəyişiklik ilk oxunuşda qəbul edilib

Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora irad tutma intizam məsuliyyəti tədbirləri də tətbiq ediləcək.

Bununla bağlı “Mediasiya haqqında” qanuna dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanun layihəsinə yeni maddə də əlavə olunub. Belə ki, qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

Eyni zamanda layihədə tərəflərin ailə və əmək mübahisələri üzrə mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikləri təqdirdə ilkin mediasiya sessiyasının keçirilməsinin tələb olunmaması təklif edilir.

Həmçinin mediasiya fəaliyyətinin həyata keçirilməsi hüququnun dayandırılması faktiki olaraq mediasiya prosesinin xitamına səbəb olur. Qeyd olunanları nəzərə alaraq mediasiya prosesinə xitam verilməsi əsaslarına mediator və ya mediasiya təşkilatının mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması halının əlavə edilməsi təklif edilir.

Bundan başqa, təqdim edilən qanun layihəsində həmçinin etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif edilir.

Seçilən
16
4
aznews.az

5Mənbələr