Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun qurulması istiqamətində görülən işlər çərçivəsində Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı təşkil olunub.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, küçədə mikromobillik zolağı salınarkən ümumi hərəkət zolaqlarının sayı saxlanılıb.
Digər yaxın küçələrdə də mikromobillik zolaqlarının çəkilməsi və həmin yol sahələrinin Mətbuat prospektindəki mövcud mikromobillik zolağı ilə əlaqələndirilməsi planlaşdırılır. Həmin dairəvi zolaq sonradan şəhərin digər ərazilərindəki mikomobillik zolağı ilə birləşdiriləcək. Nəzərdə tutulan ərazilərdə velosiped və skuterlər üçün parklanma məntəqələri də yaradılacaq. Həmçinin Bəxtiyar Vahabzadə küçəsində mikromobillik zolağı salınarkən sahibkarların maraqları qorunaraq avtomobillər üçün parklanma məntəqələri təşkil edilir.
Hazırda paytaxtda 360-dan çox velosiped və skuterlər üçün parklanma məntəqəsi yaradılıb və 35 kilometrdən çox mikromobillik zolaqları təşkil edilib. İstifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün qısa zamanda zolaq boyu təhlükəsizlik sədləri quraşdırılacaq.