AZ

Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Çanaqqalada azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Çanaqqala, 18 mart, Günel Karatepe, AZƏRTAC

Çanaqqala Dəniz Muzeyində Azərbaycanın Əməkdar incəsənət xadimi, Yedditəpə Universitetinin professoru, Türkiyənin Hərbi Dəniz Qüvvələrinin baş rəssamı Rafiq Əzizin fərdi sərgisi açılıb. Sərgi 18 Mart - Çanaqqala Dəniz Zəfərinin 110-cu ildönümü münasibətilə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı və Çanaqqala Dəniz Muzeyi tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, martın 18-də Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının Amfibiya Korpusunun komandanı, vitse-admiral Serhat Sözbir, Çanaqqala Boğazı və Qarnizon komandanı, kontr-admiral Mustafa Biçen, Çanaqqala Dəniz Muzeyinin komandanı, 1-ci dərəcəli kapitan (deniz albayı) Serhan Aras və digərlərinin iştirakı ilə sərginin rəsmi açılış mərasimi keçirilib.

Sərgidə Rafiq Əzizin Türkiyənin Hərbi Dəniz Qüvvələrinin İstanbul, Çanaqqala, Mersin, Hatay-İskenderun Dəniz muzeylərində, o cümlədən 15 il bundan əvvəl Çanaqqalanın tarixi Gelibolu rayonunda açılmış “Piri Reis” muzeyində sərgilənən, eləcə də Türkiyənin Milli Müdafiə Nazirliyinin kolleksiyasında yer alan yağlı boya ilə çəkilmiş 37 əsəri nümayiş olunur.

Bu əsərlər arasında 1081-ci ildən günümüzə qədər Türkiyənin şanlı Dəniz Qüvvələrinin, eləcə də Çaka bəydən Oruc Barbaros və ya Oruc rəis kimi tanınan əfsanəvi komandanların, dünya dəniz xəritəsini hazırlayan ilk türk admiral Piri Rəis, həmçinin Turqut Rəis, Cezayirli Qazi Hasan Paşa, Kamal Rəis kimi məşhur türk admiralların portretləri və onların iştirak etdikləri dəniz müharibələrinin təsvir olunduğu tablolar yer alıb. Sərgidə Rafiq Əzizin Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkə həsr olunan əsərləri də nümayiş etdirilir.

Martın 19-da geniş ictimaiyyət üçün açılacaq sərgi aprelin 25-dək davam edəcək.

Seçilən
12
azertag.az

1Mənbələr