"İsrail açıq şəkildə beynəlxalq hüququ və ümumbəşəri dəyərləri pozur..."
İsrail martın 18-də, çərşənbə axşamı Qəzzada genişmiqyaslı hərbi əməliyyatları bərpa edib. Ağ Ev əməliyyatlara tam dəstək verib. Bildirilir ki, İsrail Vaşinqtonla razılaşma əsasında hərəkət edib.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz bəyan edib: "HƏMAS girovları azad etməkdən imtina edərək müharibəni seçib".
BMT baş katibi Antoniu Quterriş İsrailin Qəzzadakı hərbi əməliyyatlarını şok içində qarşıladığını bildirib və atəşkəsə əməl etməyə çağırıb. O, bölgəyə humanitar yardımın bərpasını və HƏMAS-ın girovları şərtsiz azad etməsini tələb edib.
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk İsrailin Qəzzaya aviazərbələrindən dəhşətə gəldiyini bildirib:
"Son 18 ayda baş verən döyüşlər sübut etdi ki, böhrandan çıxış yolu yalnız siyasi həll ola bilər. Hərbi əməliyyatlar vəziyyəti daha da dərinləşdirir". Türk eyni zamanda, HƏMAS-ı girovları dərhal və şərtsiz azad etməyə çağırıb: "Bu kabus dərhal bitməlidir."
Rusiya XİN isə İsrailin hərbi əməliyyatları bərpa etməsini "dərin təəssüflə" qarşıladığını açıqlayıb:
"Təcrübə göstərir ki, girovları güc yolu ilə azad etmək mümkün deyil. Rusiya dinc əhalinin ölümünə və sosial infrastrukturun dağıdılmasına gətirib çıxaran hərəkətləri qətiyyətlə pisləyir. Moskva İsrail və Fələstini danışıqlara qayıtmağa çağırır".
Çin də vəziyyətdən ciddi narahat olduğunu bildirib və bütün tərəfləri gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb:
"Çin ümid edir ki, tərəflər genişmiqyaslı humanitar fəlakətin qarşısını almaq üçün addımlar atacaq".
Türkiyə İsrailin hücumlarını "soyqırım siyasətinin yeni mərhələsi" adlandırıb. XİN-in bəyanatında bildirilir:
"Səhər saatlarında Qəzzada yüzlərlə fələstinlinin qətliamı Netanyahunun rəhbərlik etdiyi hökumətin soyqırım siyasətini yeni mərhələyə keçirdiyini göstərir. İsrail açıq şəkildə beynəlxalq hüququ və ümumbəşəri dəyərləri pozur".
Türkiyə beynəlxalq ictimaiyyəti qəti mövqe tutmağa və Qəzzaya humanitar yardımın davam etdirilməsini təmin etməyə çağırıb.
İran da İsraili soyqırım törətməkdə ittiham edib. İran XİN-in nümayəndəsi bildirib ki, bu hücumlar Fələstində etnik təmizləmənin və soyqırımın davamıdır. Tehran Tramp administrasiyasını da İsrailin hücumlarına görə məsuliyyət daşımaqda ittiham edib.
Misir İsrailin atəşkəsi kobud şəkildə pozduğunu bəyan edib. Qahirə Qəzzada HƏMAS obyektlərinə endirilən hava zərbələrini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Misir XİN-in bəyanatında deyilir:
"Biz bütün İsrail hücumlarını rədd edirik. Onlar mövcud gərginliyin azaldılması səylərini heçə endirmək məqsədi daşıyır".
Qahirə beynəlxalq ictimaiyyəti dərhal İsrailin hücumlarını dayandırmağa çağırıb. Misir İsrail və HƏMAS-a təmkin nümayiş etdirməyi və vasitəçilərin daimi atəşkəsə nail olmasına imkan yaratmağı tövsiyə edib.
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin rəhbəri Filippe Lazarini isə müharibənin yenidən alovlanmasının fələstinlilərin daha çox əzab çəkməsinə səbəb olacağını vurğulayıb: "Atəşkəs rejiminə qayıtmaq məcburidir. Qəzzada dəhşətli mənzərələr müşahidə olunur, dinc sakinlər, o cümlədən uşaqlar həyatını itirir".