12:35
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.
Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər.
Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib.
Qeyd edək ki, işğal zamanı məscidlərimiz də vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi eyni zamanda ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.
***
12:20Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər.VİDEO
***
10:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Sonra dövlətimizin başçısı və birinci xanım kənd sakinləri ilə birlikdə Novruz tonqalını alovlandırıblar.VİDEO
***
09:54
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib.
Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb.
Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə mühüm layihələrdən biridir. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.