AZ

Bu şirkət 6 mindən çox işçisini ixtisar edəcək

Almaniyanın “Siemens” şirkəti 2027-ci ilədək 6 mindən çox iş yerini ixtisar etməyi planlaşdırır.

“Cebheinfo.az” xəbər verir ki, “Siemens” tərəfindən verilən açıqlamada şirkətin qlobal rəqabət qabiliyyətini daha da artırmaq planlarını işçi nümayəndələrinə təqdim etdiyi bildirilib.

Sözügedən planların şirkətin rəqəmsal sənaye bölməsindəki avtomatlaşdırma bölmələrinə və “Ağıllı infrastruktur” bölməsindəki elektrikli nəqliyyat vasitələrinə təsir edəcəyi, mühüm bazarlarda dəyişən şərtlərin, çətinliklərin hər iki halda tənzimlənməsinin zəruri olduğu bildirilib.

Bildirilib ki, ixtisarların 2600-ü şirkətin Almaniyadakı müəssisələrində baş verəcək.

İşdən çıxarılmaların 2027-ci maliyyə ilinin sonuna qədər başa çatdırılması gözlənilir. Bundan əlavə, alman şirkəti “Ağıllı infrastruktur” tikinti texnologiyaları bölməsindən ayrılacaq olan elektrik avtomobilləri doldurma stansiyası bölməsində 250-si Almaniyada olacaq 450 nəfəri ixtisar etməyi planlaşdırır.

“Siemens”-in bəyanatında vurğulanıb ki, vacib bazarlarda, xüsusilə də Çin və Almaniyada tələbin azalması və artan rəqabət təzyiqləri sənaye avtomatlaşdırma sektorunda sifarişləri və gəlirləri əhəmiyyətli dərəcədə azaldıb. 

Dünya üzrə 312 min işçisi olan “Siemens”in Almaniyada 86 min nəfəri çalışır.

“Siemens AG”-nin sədri və baş icraçı direktoru Roland Buş 2024-cü ilin noyabr ayında şirkətin avtomatlaşdırma işində davam edən zəiflik səbəbindən bütün dünyada iş yerlərini ixtisar edə biləcəyini elan edib.

Maraqlıdır ki, həm daxildə, həm də xaricdə zəif tələbdən sarsılan Almaniya sənayesi işçiləri ixtisar etməyə davam edir.

Seçilən
4
cebheinfo.az

1Mənbələr