AZ

Azərbaycan könüllülərinin “Könüllü Baharı” yaz düşərgəsi baş tutub

Bakı, 19 mart, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində “Könüllü baharı” Azərbaycan Könüllülərinin yaz düşərgəsi keçirilib.

AKTİ-dən AZƏRTAC-a bildirilib ki, düşərgədə müxtəlif könüllü təşkilatlarından 150 gənc iştirak edib. Martın 14-dən 18-dək keçirilən düşərgənin məqsədi könüllülərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onlara mədəni irsimizin və zəngin tariximizin aşılanması, eyni zamanda, şəxsi inkişafın və sağlam həyat tərzinin təşviqindən ibarətdir.

Düşərgədən əvvəl Quba rayonuna çatan könüllülərimiz tərəfindən Ulu Öndərin abidəsi ziyarət edilib.

Sonra iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları keçirilib.

Dörd gün davam edən düşərgə müddətində könüllülərin asudə vaxtlarını səmərəli dəyərləndirmələri üçün xüsusi peşəkarlığı və təcrübəsi ilə seçilən təlimçilər tərəfindən həyata keçirilən təlimlər, komanda oyunları, intellektual oyunlar və vörkşoplar baş tutub.

Novruz bayramı ab-havalı düşərgədə tonqal ətrafında Novruz şousu da olub. Düşərgə müddəti ilə bağlı təəssüratın paylaşılması və dəyərləndirilməsi üçün könüllülər tərəfindən “Könüllünün bir günü” adlı videokontentlər hazırlanıb, eyni zamanda, gənclərin öz istedadlarını nümayiş etdirmələri üçün “İstedadSƏN!” yarışı keçirilib.

“Könüllü baharı” yaz düşərgəsi Azərbaycan könüllülərinin bilik və bacarıqlarını artırmaq, onların sosial aktivliyini yüksəltmək və şəbəkələşməsini gücləndirmək baxımından mühüm rol oynayıb. Novruz ənənələrinin yaşadılması və gənclər arasında təbliği Azərbaycan könüllülərinin milli-mənəvi dəyərlərə verdiyi önəmin bir daha göstəricisi olub.

Seçilən
12
9
azertag.az

10Mənbələr