Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Publika.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.
Bakı şəhərində 130 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 270-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.