ABŞ Almaniyadakı hərbi texnikasını Ermənistandakı hərbi poliqonlara köçürəcək. Texnikaların Gürcüstan vasitəsi ilə Ermənistana gətirilməsi planlaşdırılır. Vaşinqton Ermənistana hərbi sursat niyə göndərir? Bəs Rusiyanın reaksiyası necə olacaq?

Bu barədə Moderator.az-a danışan hərbi ekspert Səxavət Məmmədov deyir ki, Ermənistan-Amerika münasibətləri 44 günlük müharibədən sonra, Ermənistanın müharibəni uduzduqdan və Rusiyanı ittiham etməsindən sonra başladı. Bu dövrdən sonra Ermənistan ilə ABŞ ordusu arasında bir neçə dəfə təlimlər keçirildi:
“Hətta Ermənistan ordusunda Amerikanın nümayəndəsinin də müşavir kimi təyin edildiyi məlumdur. Bundan əlavə, antiterror əməliyyatından əvvəl Ermənistanda Amerika xüsusi təyinatlıları ilə Ermənistan ordusunun xüsusi təyinatlılarının təlimi keçirilmişdir və sonra məlum olmuşdu ki, həmin təlimlər daha çox İran sərhədində, İrana yaxın ərazilərdə baş tutub və orada ümumiyyətlə müxtəlif cihazlardan istifadə olunub. Ermənistanın qədər məsələ üçün Fransadan aldığı bir Radar sistemləri var ki, bu radar sistemləri təxminən 250 km radiusu əhatə edir və Ermənistan ərazisi üçün kifayət qədər böyük bir rəqəmdir və bu əslində radarların da İran sərhədinə daha çox yaxın əraziyə yerləşdirildiyi iddiası var. Amerikanın əslində İrana qarşı bir sərt siyasəti var. ABŞ Yaxın Şərqdə, xüsusən Hizbullah məsələsində İrana müəyyən qədər zərbələr endirə bildi və İrana çox yaxınlığı ilə bilinən husilərə qarşı hazırda hərbi əməliyyatlar həyata keçirilir. Təkcə husilərin özünə qarşı yox, həm də Yəməndəki İran mövqelərinə zərbələrin endirildiyi rəsmi olaraq bildirilir. İranın ətrafında sanki bir həlqə yaradıldığının şahidi oluruq. İrana qarşı Ermənistan niyə görə seçilir? Amerikanın İrana qarşı Azərbaycandan istifadə etmək iddiaları olub. Hətta Heydər Əliyev dönəmində belə bu məsələ ilə bağlı Azərbaycan müraciət edib və Heydər Əliyev bu məsələyə konkret olaraq qarşı çıxıb və bundan Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsinə icazə verməyib. Daha sonra Heydər Əliyevdən sonrakı dönəmdə İlham Əliyevin dönəmində belə iddialar var ki, İrana qarşı Azərbaycan ərazisindən istifadə edilməsi ilə bağlı hansısa bir işlər görülsün və rəsmi Bakı yenə də buna qarşı çıxıb. Ermənistan isə elə bir dövlətdir ki, Rusiyanın vəziyyəti gərgin olanda Amerika və Avropa İttifaqı ilə yaxınlaşır, Rusiyanın vəziyyəti bir qədər dəyişib, indi də rəsmi Moskvaya meylliyi yaranıb. Ona görə də Ermənistanın hər an xəyanət edə biləcəyini hər kəs hesablayır və düşünürəm ki, İran da bunu hesablayır. Ona görə də Amerikanın Ermənistan üzərindən İrana qarşı hansı addımlar atacağı, qeyri -adi bir hal deyil. Təbii ki, Amerikanın Almaniyadakı hərbi texnikalarının Ermənistan ərazisinə gətirilməsi ciddi addımdır. Amma bu, bizim region üçün problemlidir. Yəni oradan gətiriləcək texnikanın sayı o qədər çox deyil ki, bu, İrana qarşı xüsusi təhdid yaradsın. Çünki İrana zərər yetirmək üçün daha çox hava hücumuna ehtiyacı var. Yəni ABŞ Ermənistanın ərazisini tamamilə hərbi texnika ilə doldursa belə İrana ən azından zərbələr endirmək inandırıcı deyil, amma bu İranın diqqətini yayındıra bilərmi? Bəli, İran məcbur olar ki, Ermənistan sərhədində qoşunlarını cəmləşdirə bilər”.
Hərbi ekspert hesab edir ki, bu texnikaların Ermənistan ərazisində yerləşdirilməsi regionumuz üçün bir nömrəli problemə çevriləcək, çünki bu, Rusiya ilə konflikti anlamına gələcək:
“Rusiya isə Ermənistana qarşı özü birbaşa yox, Azərbaycandan istifadə etməyə çalışacaqdır. Ona görə də düşünürəm ki, Amerikanın atdığı bu addım əgər real olacaqsa, bu regionda nəinki sülh gözləməliyik, hətta bu regionun iflic olmağını da gözləməliyik. Çünki bu cür davranışlar təbii ki, silahlanmanı bir qədər də artıracaq və gərginliyi artıracaq. Ona görə də indiki mərhələdə, Tramp nə qədər iddia etsə də ki, o, nə bilim sülh üzrə Nobel mükafatını almağa layiqdir. Hər yerdə sülh gətirəcək, amma düşünürəm ki, onun atdığı addımlar birinci dönəmində olduğu kimi gərginliyi daha çox artıracaq və Amerikanın bu cür addımları, regionumuzda çox ciddi nəticələr verə bilər. Ümid edək ki, sonu müharibə olmasın, amma bu cür silahlanmalar, bir neçə gündür davam edən atəşkəsin pozulma halları onu göstərir ki, regionda qətiyyən stabillik, sabitlik yoxdur. Əksinə, sanki region bir qədər arxa planda qalmışdı, xüsusilə Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verənlər səbəbindən. Ümid edək ki, bir daha müharibə olmaz”.
Mehin Mehmanqızı