AZ

Daşkənddə “Novruz- Milli dəyərlərin və mədəni əlaqələrin bayramı” adlı konsert təşkil olunub

Bakı, 19 mart, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Novruz bayramı münasibətilə “Novruz- Milli dəyərlərin və mədəni əlaqələrin bayramı” adlı konsert təşkil edib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Mərkəzinin məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Mərkəzinin geniş həyətində keçirilən bayram tədbirində Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr, Daşkənddəki soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Novruz bayramının tarixi haqqında məlumat verib. Səfir Novruzun əhəmiyyətindən danışıb, hamıya firavanlıq arzulayıb. O bildirib ki, bu bayram türkdilli xalqların və Novruz arealında yerləşən digər xalqların əziz milli bayramıdır. Qədimdən Novruz sülh, humanizm, əmin-amanlıq rəmzi kimi tanınır.

Səfir deyib ki, 2010-cu ildə Azərbaycan, Albaniya, Türkiyə, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bildirib ki, Novruz bayramı da qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır. O bildirib ki, Prezident İlham Əliyevin milli-mədəni irsimizin qorunması sahəsində apardığı siyasət nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bu, bizim ortaq dəyərlərimizin beynəlxalq miqyasda tanınmasının və qorunmasının mühüm göstəricisidir. A.Marifli həmçinin Novruzun Özbəkistanda da yüksək səviyyədə qeyd olunduğunu bildirib.

Sonra Azərbaycandan xüsusi olaraq dəvət olunan Xalq artisti Zabit Nəbizadə, tanınmış müğənnilər Orxan Cəlilov və Ayşən Mehdiyeva muğam, xalq və bəstəkar mahnılarını ifa ediblər. Onları Əməkdar artist, Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə (tar) və Əməkdar artist Xəyyam Məmmədov (kamança) müşayiət ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev qədim el havalarını səsləndirib.

Tədbirdə Mədəniyyət Mərkəzinin teatr dərnəyinin ifasında “O olmasın, bu olsun” tamaşası səhnələşdirilib. Özbək tələbələrin təqdimatında nümayiş olunan tamaşa qonaqlar tərəfindən böyük alqışla qarşılanıb. Şənlikdə tədbir iştirakçılarına Novruz şirniyyatları paylanılıb. İlaxır çərşənbəni simvolizə edən yumurta döyüşü nümayiş etdirilib. Sonda Novruzun simvolu tonqal çatılıb, gənc ifaçılar tonqalın ətrafında dövrə vuraraq oynayıblar.

 

 

 

 

Seçilən
1
12
azertag.az

10Mənbələr