Qlobal təhsil dünyasının diqqətdə saxladığı əsas məsələlərdən biri də məktəblərdə məntiqi təfəkkürün artırılması, fənlərin sırf bu istiqamətdə tədrisi metodlarının inkişaf etdirilməsidir. Çağdaş pedaqoji yanaşmada tənqidi mühakimə və problemin həlli zamanı dəqiq qərarların qəbulu təhsilin şagirdlərdə formalaşdırmalı olduğu əsas məsələlərdəndir.
Hazırda dünyanın bir çox ölkələrində qəbul edilən kurikulum proqramlarının, aparılan kurikulum islahatlarının əsas motivlərindən biri də fənlərarası inteqrasiyada məntiqi təfəkkürün dominantlığını təmin etmək, tənqidi düşüncənin inteqrasiyasını həyata keçirməkdir. Bundan ötrü də xüsusi tədris metodlarından istifadə edilir. Onlara bir nümunə olaraq, Sokrat metodu , yaxud, başqa adı ilə Sokratik dialoq metodu misal göstərə bilərik. Qısaca da olsa, məlumat verək ki, bu metod sual verməklə fəlsəfi düşüncəni və təfəkkürü “işəsalma”, fikirləri qarşılıqlı şəkildə, dialoq formasında sağlam tənqidi mühakimə ilə qarşı tərəfə çatdırmaqdır. Qədim yunan filosofu Sokratın tələbələrinə, eləcə də qarşısındakı hər hansı şəxsə suallar verməklə bilik öyrətməsi metodu dünya pedaqoji nəzəriyyəsində Sokratik dialoq kimi tanınır. Bu metodun əsas məqsədi təkcə yeni bilik, bilinməyən informasiyanın qarşı tərəfə ötürülməsi deyil, həmçinin, onların bu biliklər vasitəsilə yola çıxaraq sağlam mühakimə vərdişlərinə sahiblənməsidir. Bu metod vasitəsilə diqqətin cəmlənməsi, hədəfə fokuslanma, təhlil və qiymətləndirmə, alternativlərin kəşfi, idrakı mühakimə keyfiyyətlərini inkişaf etdirmək mümkündür.
Bir sıra ölkələrdə tədris prosesində məntiqi təfəkkürün inkişafı ilə bağlı unikal yanaşmalar tətbiq olunur. Lakin ABŞ, Finlandiya, Sinqapur, Yaponiya, Kanada, Hindistan kimi ölkələri bu məsələdə müəyyən dərəcədə fərqləndirmək lazımdır.
ABŞ-da əsasən riyaziyyat və dil əsaslı dərslərdə məntiqi mühakimə metodları, tənqidi düşünmə və problemləri həll etməyin üsulları şagirdlərə öyrədilir. ABŞ məktəblərində tətbiq edilən təhsil standartları şagirdlərdən fikirlərini əsaslandırmağı və mürəkkəb situasiyalarda, böhran vəziyyətində məntiqi mühakimənin dolğun tətbiqinə xüsusi önəm verilir.
Finlandiya məktəblərində şagirdlərin məntiqi təfəkkür bacarıqlarını inkişaf etdirmək üçün Fenomenlərə əsaslanan öyrənmə metodu təklif olunur. Bu metod əsasında tələbələr məntiqi təhlillərə əsaslanan praktiki üsullarla mövzuları təqdim etməyə çalışırlar.
Kanada məktəblərində də məntiqi təfəkkürü inkişaf etdirmək üçün ən zəruri metodlardan istifadə olunur. Lakin bu proqramlar Kanada məktəblərində daha çox riyaziyyat və riyazi əsaslı fənlər, yanaşmalar üçün tətbiq olunur. Amma bu tətbiqlərin də əsas məqsədi müxtəlif vəziyyətlər üçün öyrənilmiş mühakimə vərdişlərini praktiki həyatda istifadə etməkdir.
Qonşu ölkələrdə də bu istiqamətdə vacib addımlar atılıb və atılmaqdadır. Qardaş Türkiyə məktəblərində şagirdlərin məntiqi bacarıqlarının inkişaf etdirilməsi üçün həyata keçirilən işlər çoxşaxəlidir. 2006-cı ildən bu yana Türkiyədə bir çox lisey və peşə təhsili müəssisələrində “Təfəkkürün təhsili” (başqa adla, “Məntiq”) adlı məcburi dərslər keçirilir.
Bu dərslərdə problemin həllinə tarixi və sistematik yanaşmaları araşdıraraq tələbələrin tənqidi təfəkkür və məntiqi düşünmə qabiliyyətlərini inkişaf etdirmək məqsədi daşıyır.
O cümlədən, Türkiyə məktəbləri üçün hazırlanan yeni kurikulum proqramlarında məntiqi əsaslandırma və arqumentasiya önəmli rol daşıdığı üçün məntiqi təfəkkürün inkişafı ilə bağlı metodlar da çoxluq təşkil edir. Bunlardan biri də məktəblərdə tədris olunan fəlsəfə fənnidir. Fəlsəfə özü-özlüyündə ilk baxışda ağır məzmun, akademik cümlələrin toplusu kimi görünsə də, onun tədrisinin əsas məqsədi problemlərin tənqidi əsaslandırılması və məntiqi təhlilidir.
Son illər bu istiqamətdə ən çox rastlanan prinsip isə məntiqin riyaziyyatla inteqrasiyasının təminatıdır. Doğrudur, ilkin baxışda riyaziyyat və məntiq əlaqələndirilməsi az qala, eyni məzmun kimi görünə bilər. Amma bu, qətiyyən doğru yanaşma deyil, riyaziyyatın kurikulumu, məzmun xətti ilə məntiqin kurikulumu arasındakı spesifik fərqlər hər kəsə məlumdur. Onların inteqrativliyini təmin etmək isə şagirdlərdə məntiqi təfəkkürü riyazi bacarıqlar əsasında inkişaf etdirə biləcəkdir.
Rusiya məktəblərində isə şagirdlərin məntiqi təfəkkür bacarıqlarının inkişafı əsasən bir istiqamətdə-Riyazi analitik təhlilin inkişafı yönündə aparılır. Kurikulum proqramlarında da əsas diqqət məhz riyazi məntiqin gücləndirilməsi məsələlərinə verilib.
Rusiya məktəblərində sırf bu məqsədlə həyata keçirilən xüsusi proqram- “Rus Riyaziyyat proqramı” şagirdlərdə problem həll etmə və məntiqi düşünmə bacarıqlarında güclü təməl yaratmağa yönəlmişdir. Bu, tələbələrə riyazi problemlərə məntiqi təfəkkürlə yanaşmağa imkan verir ki, bu da onların ümumi idrak inkişafı üçün çox vacibdi.
Qazaxıstan təhsilində son illərdə aparılan kurikulum islahatları daha çox riyazi intuisiya və məntiqi təfəkkürün inkişafı üçün nəzərdə tutulub. Burada əsas məqsəd fənlərin tədrisində klassik yanaşmalardan, əzbərçilik, yaddaşın yüklənməsindən imtina edərək, problemlərin həlletmə metodikası istiqamətlərinin inkişafıdır. Ölkədə fəaliyyət göstərən və təhsil nəticələrinə fərqlənən xüsusi məktəblərdə tənqidi təfəkkür və innovativ tədris metodları ön plandadır.
Həmçinin, Qazaxıstanda məntiqi təfəkkürün inkişafı üçün məşğələlərin böyük həcmi həm də dərsdənkənar fəaliyyətin üzərinə düşür. Burada dərsdənkənar fəaliyyətin təşkili zamanı məntiqi təfəkkürün inkişaf etdirilməsi üçün BMT-nin xüsusi təhsil proqramlarından istifadə olunur.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı