AZ

Azərbaycan xalqı bayram sevincini Zəfər qürurunun yaratdığı təsvirəgəlməz coşqu ilə qeyd edir

Fikrət RZAYEV, ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, Əməkdar müəllim, professor

 Novruz bayramı Azərbaycan xalqının tarixi və mədəni dəyərləri arasında xüsusi yer tutur. Azərbaycan xalqının milli mübarizəsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən proseslər Novruz bayramının mənəvi gücü ilə birləşərək, bu bayramı xalqımız üçün daha dərin bir döyüş simvoluna çevirmişdir. Hər il baharın gəlişi ilə qeyd olunan bu bayram xalqımızın əsrlər boyu üzləşdiyi zülm və haqsızlıqlara qarşı göstərdiyi mübarizənin rəmzi kimi qəbul edilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramını xalqımızın milli mənəvi dəyərlərinin, adət-ənənələrinin mühüm bir hissəsi kimi qiymətləndirdi. O, Novruzun tarixini, mahiyyətini və onun xalqın birliyini möhkəmləndirən bayram olduğunu dəfələrlə vurğulayaraq bildirirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.”  

Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Novruz bayramı münasibətilə ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.  

“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında , o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyən Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və xalqımızın arzularını reallaşdıran  Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq beş ildir ki doğma torpaqlarımızda Novruz bayramını qeyd edirik.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu proseslər iqtisadi, sosial və mədəni dirçəlişinə yönəlib. Müasir infrastrukturun qurulduğu “ ağıllı kənd və şəhərlərimiz salınır,yeni avtomobil və dəmir yolları çəkilir, mövcud yollar bərpa olunur. Dünyamiqyaslı dəhlizlər salınır ,beynəlxalq hava limanları tikilərək istifadəyə verilib. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu quruculuq işləri Qarabağ və Şərqi Zəngəzurda tezliklə Azərbaycanın çiçəklənən diyarlarına çevriləcəyindən xəbər verir və dövlətin dahi xilaskarı Ulu Öndər Heydər Əliyəvin vaxtilə ürəkdən dilədiyi Qarabağ və Şərqi Zəngəzur arzularının həyata keçməsinin müqəddəs məqamıdır.

İndi yaşıl libaslı bahar fəsli yurdumuza bir başqa gözəlliklə qədəm qoyur. İlıq nəfəsli yazın gəlişi xalqımızın ruhuna dinclik yayır, Xankəndidən Bakıya, Laçından Astaraya, Xocalıdan Zaqatalaya, Naxçıvandan Qusara... qədər bütün Azərbaycanda çatılan Zəfər, Novruz tonqallarının şölələri xalqımızın hər bir üzvünün qəlbinə sevinc saçır. Azərbaycan xalqı bayram sevincini Zəfər qürurunun yaratdığı təsvirəgəlməz coşqu ilə qeyd edir.  

 


Seçilən
7
1
azia.az

2Mənbələr