Nəsimi rayonunun Cavadxan küçəsində fəaliyyət göstərən "Qəbələ" restoranında oğurluq hadisəsi baş verib.
Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, restoranın müdirinin qızıl-zinət əşyaları oğurlanıb və ona 15 min 200 manat məbləğində ziyan vurulub.
Ötən il baş verən cinayətin üstü qısa müddət ərzində açılıb. Məlum olub ki, hadisəni törədən restoran müdirinin əvvəlcədən tanıdığı şəxsdir. Restoranın müdiri ifadəsində bildirib ki, həmin şəxsin onun qızıllarını otağındakı seyfin üzərinə qoymasından xəbərdar olub.
Müdir otaqdan çıxandan sonra qızıllar oğurlanıb. Restoranın müdiri tanışından qızılları qaytarmağı tələb etsə də, o, törətdiyi əməli boynuna almayıb.
Restoranın müdiri Daxili İşlər Nazirliyinin (DİN) "102" xidmətinə zəng vurub.
Polisin araşdırmaları nəticəsində oğurluğu törədənin kimliyi məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham elan olunub. Cinayət işinin məhkəmə istintaqı Nəsimi Rayon Məhkəməsində aparılıb.