Manset.az xəbər verir ki, şirkət bu il də ənənəsinə sadiq qalaraq, Novruz bayramı münasibətilə xüsusi dudl hazırlayıb. "2025 Novruz bayramı" adlı dudlda bu qədim bayramın əsas simvolları olan Keçəl, səməni, eləcə də baharın gəlişini müjdələyən çiçək açan ağaclar və qaranquşlar təsvir olunub. Dudl istifadəçiləri virtual olaraq Novruz ab-havasına qərq edir və bayram sevincini yaşadır. Qeyd edək ki, dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibətilə yaradılan xüsusi açıqcaların adıdır. Şirkət mütəmadi olaraq müxtəlif bayramlar və tarixi hadisələrlə bağlı maraqlı dudllar hazırlayır. Azərbaycanda Novruz bayramı hər il martın 20-21-i qeyd edilir. Bu il yaz fəsli Bakı vaxtı ilə saat 13:01:25-də ölkəmizə daxil olacaq. Astronomik baxımdan bu, gecə ilə gündüzün bərabərləşdiyi, Günəşin düz şərqdə doğub, qərbdə batdığı andır. 2025-ci ildə yaz fəslinin müddəti 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Novruz Azərbaycan xalqının qədim zəngin mədəni irsinin tərkib hissəsidir. 2009-cu ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilən bu bayram bir çox türk xalqları tərəfindən qeyd olunur. Bayram ərəfəsində insanlar təmizlik işləri aparır, xüsusi şirniyyatlar bişirir, yeni paltar alır və bir-birini təbrik edirlər.