Azərbaycanda qanunsuz çıxarılmış 7 nəfər əvvəlki işinə bərpa edilib, 40 min manatdan çox gecikdirilmiş vəsait işçilərə ödənilib.
Bu barədəƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 2025-ci ilin yanvar və fevral ayları ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən olunub.
Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Həmin vəsaitin 86,3 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Bildirilib ki, müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 7 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib, həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Mənbə: report.az