Fransa yığmasının baş məşqçisi Didye Deşam UEFA Millətlər Liqasının 1/4 finalının Xorvatiya yığması ilə cavab oyununu şərh edib.
Arena.az məlumat verir ki, səfərdəki ilk oyunda 0:2 hesabı ilə məğlub olmuş “xoruzlar” evdə eyni hesabla qalib gələrək, oyunu penaltilər silsiləsinə daşıyıblar.
Fransa yığması penaltilər seriyasında Xorvatiya yığmasını peşman ediblər – 5:4. Nəticədə bu komanda həm yarımfinala yüksəlib, həm də DÇ-2026-nın seçmə mərhələsində İslandiya, Ukrayna və Azərbaycan yığmalarının yer aldığı D qrupuna düşüb.
Didye Deşam matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Əsas odur ki, pis birinci hissəyə və bizi qane etməyən hesaba rəğmən, biz inanmağa davam edirdik. Ümumilikdə biz çox yaxşı komandaya qarşı çox yüksək səviyyəli oyun nümayiş etdirdik.
Əlbəttə, Fransa yığması usta oyunçulara malikdir, amma hələ də təcrübə əskikliyi və müəyyən qeyri-yetkinlik var. Odur ki, qarşıdakı oyunlar ərəfəsində bu gənc komandaya kömək gərəkdir”, – “RMC Sport” dərgisi fransız mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, yarışın yarımfinal mərhələsinə adlamış Fransa yığmasının rəqibi İspaniya yığması olacaq.