Rusiyanın İrkutsk şəhərində evsiz kişi soyuq havada isinmək üçün avtomobil oğurladığına görə saxlanılıb.
Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə İrkutsk vilayətinin polisindən bildiriblər.
Bu yaxınlarda 26 yaşlı qadın “Toyota Passo” markalı avtomobilinin itməsi ilə bağlı polisə müraciət edib. Onun sözlərinə görə ki, evinin yaxınlığında maşını mühərriki işlək və qapıları açıq vəziyyətdə qoyub, bir neçə dəqiqədən sonra geri qayıdanda avtomobil artıq orada olmayıb.
Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış avtomobili tapıb və şübhəlinin yaxınlıqdakı skamyada yatdığını aşkar ediblər. Onun əvvəllər məhkum olunmuş 46 yaşlı, daimi yaşayış yeri olmayan kişi olduğu üzə çıxıb.
Avtomobilin kuzovundakı zədələrə əsasən oğru qəza törətməyə macal tapıb. Evsiz kişi etiraf edib ki, dayanacaqda mühərriki işlək olan avtomobili görərək isinmək qərarına gəlib və daha sonra onu qaçırıb. Lakin çox uzağa gedə bilməyib və ən yaxın skamyada yuxuya gedib. Hadisə ilə bağlı cinayət işi açılıb, saxlanılan şəxs həbs edilib.