ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz hər iki istiqamətdə böyük irəliləyiş əldə etdik”, – deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbət zamanı bildirib və bunun Rusiya və Ukrayna, həmçinin Yaxın Şərq ilə bağlı olduğunu açıqlayıb.
“Görək bu hansı nəticəyə gətirib çıxaracaq. Biz Rusiya və Ukrayna ilə dərin müzakirələr aparırıq və deyə bilərəm ki, danışıqlar yaxşı gedir”, – deyə ABŞ lideri qeyd edib.
Kremlin saytında dərc edilmiş yekun sənədə görə, Rusiya və ABŞ Ər-Riyadda keçirilən ekspert qruplarının görüşündə Qara dənizdə təhlükəsiz gəmiçilik və ticarət gəmilərinin hərbi məqsədlər üçün istifadə olunmaması barədə razılığa gəliblər.
Vaşinqton öz tərəfindən Moskvaya kənd təsərrüfatı məhsulları və gübrə ixracatı üçün dünya bazarına çıxışın bərpasında kömək etməyi öhdəsinə götürüb. Bu razılaşmalar Rusiyanın kənd təsərrüfatı ixracatı və nəqliyyat sektoruna qoyulan bir sıra sanksiya məhdudiyyətlərinin ləğvindən sonra qüvvəyə minəcək.
Həmçinin Moskva və Vaşinqton enerji sisteminə zərbələrə qoyulmuş müvəqqəti moratoriuma düşən obyektlərin siyahısını razılaşdırıblar.