AZ

"İranda türklərlə kürdləri daim qohum, dost kimi yaşayan görmüşəm... Amma son illər hansısa siyasi qüvvələr...”

“İllər boyu soydaşlarımız yaşayan ərazilərdəki coğrafi adlar, toponimlər, hidronimlər dəyişdirilir. Məsələn, Qaraçay adını dəyişərək farsca “Siyahrud” ediblər..."
 
“Əvvəl İran mətbuatında belə məlumatlar yayıldı ki, guya Urmiyadakı aksiyalar əhalinin, ümumiyyətlə, İrandakı ağır sosial-iqtisadi vəziyyətə etirazlarının ifadəsidir. Bu fikri Qərbdə yaşayan bəzi iranlı politoloq və icmalçılar da bildirdi. Onların sözlərinə görə, guya Urmiyada hansısa etnik qrupların torpaq iddiaları-filan irəli sürməsi məsələsi yoxdur. Amma  etirazların video-görüntüləri də yayıldıqdan sonra təsdiqləndi ki, həm etirazçıların sayı deyilən 10 min-20 min rəqəmindən dəfələrlə çoxdur, ikincisi də səslənən şüarlar da aydın eşidildi. Məlum oldu ki, onların arasında “Biz torpağımızı heç kəsə verməyəcəyik!” kimi şüarlar səslənir”. 
 
Bunu Moderator.az-a açıqlamasında son günlər Güney Azərbaycanda –Urmiyada Azərbaycan türklərinin kütləvi etirazlarından bəhs edən Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov söyləyib. 
 
“Əslində İran ərazisində, o cümlədən Urmiyada yaşayan Azərbaycan türklərinə qarşı müəyyən siyasi təzyiqlər ilk dəfə deyil. İllər boyu soydaşlarımız yaşayan ərazilərdəki coğrafi adlar, toponimlər, hidronimlər dəyişdirilir. Məsələn, Qaraçay adını dəyişərək farsca “Siyahrud” ediblər... Və belə məsələlər Urmiyada da yaşayan türkləri haqlı olaraq narahat edirdi. İndi də artıq ərazi iddiaları məsələsi ortalığa atılanda bu, təbii ki, əhalinin daha ciddi etirazlarına səbəb olub”, -deyə davamında diplomat bildirib.
 
“İranda uzun illər yaşamışam və Urmiyada da dəfələrlə olmuşam. Mən daim hiss etmişəm ki, əgər kənardan hansısa daxili və ya xarici qüvvənin müdaxiləsi olmasa, ölkədəki müxtəlif millətlərin nümayəndələri arasında, o cümlədən türklərlə kürdlər arasında həmişə nəinki xoş münasibət olub, hətta bir-biri ilə qız alıb qız verməklə qohumlaşmaqla, dostlaşmaqla qaynayıb-qarışıblar. Yəni aralarında heç bir ziddiyyət, problem olmayıb və daim dinclik, mehribanlıq, sülh şəraitində yaşayıblar. Necə ki, bizim Azərbaycanda kiminsə bir-birindən “türksən, kürdsən, ya talışsan, ləzgisən...” soruşması qəribə gəlirsə, İranda da elə idi.  Amma son illər də hiss olundu ki, artıq siyasi müdaxilə başlayıb və hansısa qüvvələr çalışır ki, Urmiyada qədimlərdən bəri yaşayan Azərbaycan türklərini sıxışdırıb assimilyasiyaya məruz qoysunlar və orada başqa etnik qrupları yerləşdirsinlər. 
Ümid edək ki, yenə də xalqlar arasındakı dostluq, qohumluq əlaqələri daxili və xarici qüvvələrin belə təxribatçı planlarını iflasa uğradacaq”,  - deyə sabiq diplomat vurğulayıb.
 
Sultan Laçın  
 
Seçilən
45
50
moderator.az

10Mənbələr