AZ

Beyləqanda 36 il əvvəl inşası başlanan MƏSCİD - Tikintisi niyə YARIMÇIQ qalıb? -VİDEO

On altı mindən artıq əhalisi olan rayonun hələ də məscidi yoxdur. Beyləqan rayonunda inşasına 36 il öncə başlanan “Cümə  məscidin”in tikintisi hələ də yarımçıq qalıb. 

Məscidin tikilmə tarixi və indiki vəziyyəti haqqında Bizim.Media-nın yerli bürosuna rayon sakini Elçin Əzimov danışıb. Bildirib ki, məscidin təməli 1989-cu ildə icra başçısı kimi fəaliyyət göstərən Mürşüd Əzimov tərəfindən qoyulub və məscidin tikilməsi üçün ilk vaxtlar bir hektar yarım torpaq sahəsi ayrılıb. Həmin il məscidin tikintisinə başlanılıb. Məscidin gümbəz hissəsinə çatdıqda tikinti dayandırılıb və bir neçə il tikili yarımçıq qalıb.

Rayon sakininin sözlərinə görə ibadət evinin tikintisinin başa çatmasına səbəb 1990-cı illərdə baş verən siyasi hadisələrlə bağlı olub.

“Birinci Qarabağ müharibəsi dövründə məscid baxımsız şəraitdə qalıb. Sonra Famil adında bir axund məscidin həyətində məskunlaşaraq ora nəzarət edib.“Allahın evi”nin üstü açıq qalmasına baxmayaraq namaz qılan şəxslər bir küncə çadır çəkərək namaz qılmağa, ibadətlə məşğul olmağa başlayıblar”. 

Beləliklə sonrakı illərdə rayonun ibadətlə məşğul olan insanları tərəfindən məscidin tikintisi hissə-hissə davam etdirilir. Bir müddətdən sonra “nəzir qutusun” dan və əhali arasında toplanmış vəsait hesabına gümbəz də  ucaldılır.

Rayon skini E.Əzimov onu da vurğuladı ki, gümbəz ucaltdıqdan sonra  Fövqəladə Hallar Nazirliyinin göstərişi ilə tikinti işləri dayandırılır.

Səbəb isə məscidin qanuni axundu olmaması göstərilir. Buna baxmayaraq bir neçə rayonun ibadət əhli toplaşaraq lazımi orqanlara məktubla müraciətlər etməyə başlayırlar. Bir müddət sonra istəklərinə nail ola bilirlər. 

Digər rayon sakini, məsciddə bir müddət gözətçilik etmiş Elxan Süleymanov isə bildirib ki, rayon sakinlərinin hesabına toplanmış ianə sayəsində məscidin bir otağı namaz qılmaq üçün təmir edilib. Amma hələ də ibadət evinin tikintisi yarımçıq qalıb: 

“Məscidin bir otağı yüngülvari təmir olunub. Amma qışda namaz qılmaq çox çətin olur. Çünki hava çox soyuq olma səbəbindən və orada istilik sistemi olmamsından dolayı çox əziyyət çəkirlər. Bu qədər əhalisi olan bir rayonun ibadət edəcək, bayramlarda namaz qılınacaq bir məscidinin olmaması biyabırçılıqdır”.
 

“Əvvəllər biz məscidin həyətində qalıb onun təmizliyinə riayət edir, həyətindəki meyvə ağaclarına qulluq edirdik. Amma maaş ala bilmədiyimizi gördükdən sonra məcburən ordan getməli olduq. Çünki bizim də başqa gəlir yerimiz yox idi. Təəssüflər olsun ki, hal-hazırda məsciddəki vəziyyət heç də ürəkaçan deyil. Məscidin qaz, işıq və su sistemi yox vəziyyətindədir”- deyə həmsöhbətimiz əlavə edib. 


Rayon sakinləri tezliklə aidiyyəti qurumların onların səsini eşidəcəklərinə ümid etdiklərini bildirdilər. 

Məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət komitəsinə müraciət etsək də, hələ də sorğumuz cavabsız qalıb.






Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
69
1
bizim.media

10Mənbələr