"Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin mətninin tamamlandığını və bu barədə razılıq layihəsinin imzalandığını bildirirəm".
"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan Vyanada ATƏT Daimi Şurasının Ermənistanın xahişi ilə çağırılan xüsusi sessiyasında çıxışı zamanı deyib.
Diplomatın sözlərinə görə, sənədin yekunlaşdırılması irəliyə doğru atılmış irimiqyaslı addımdır: "Bu, onilliklərlə davam edən münaqişədə həlledici rol oynayan, regional sülhə yol açmaq üçün tarixi fürsət verən mərhələdir. Söz yox ki, bu proses sülh gündəminə səmimi bağlılıq, yorulmaz səylər və bir sıra həssas məsələlərin həlli yollarını tapmaq və ilkin fikir ayrılıqlarını aradan qaldırmaq üçün strateji səbr tələb edib.
Beləliklə, bütün bu səylər nəticəsində biz layihənin mətnini yekunlaşdırmışıq və indi rəsmi imzanın tarixini və yerini müəyyən etmək üçün müzakirələrə başlamağa hazırıq.
Ermənistan ardıcıl olaraq bəyan edir ki, onilliklər ərzində yığılıb qalan bütün məsələləri bir razılaşma ilə həll etmək mümkün deyil. Bu aydındır. Bununla belə, Sülh Sazişinin imzalanması əlverişli mühit yaradacaq və bütün həll edilməmiş məsələlərin həllinə yol açacaq".
Ağarza Elçinoğlu