AZ

“Nə Rusiya, nə də Ukrayna tam istədiyini almayacaq” – “Beynəlxalq ictimaiyyət bu əraziləri Rusiyanın bir hissəsi kimi tanımır”

ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq hesab edir ki, Rusiya Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarətdən əl çəkməyəcək, lakin hüquqi baxımdan bu ərazilər Rusiya Federasiyasının bir hissəsi deyil.

“AzPolitika” xəbər verir ki, bunu K.Kelloq “Fox News”-a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu reallıq çətin vəziyyət yaradır və bunun danışıqlarda müzakirəsi tələb ediləcək.

Kelloq xatırladıb ki, Rusiya faktiki olaraq bütün Luqansk vilayətinə, eyni zamanda Donetsk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir: "Sual yaranır: bu vəziyyət gələcəkdə necə olacaq? Əsl ərazi nailiyyətləri nədən ibarətdir?”

O vurğulayıb ki, müharibənin nizamlanmasının istənilən variantında de-fakto və de-yure nəzarəti fərqləndirmək vacibdir. Rusiya Federasiyası ələ keçirilən ərazilərdə fiziki olaraq mövcuddur və onları tərk etməyi planlaşdırmır, lakin qanuni olaraq bu torpaqlar Ukraynanın tərkibində qalır: “Burada de-fakto ilə de-yure arasında fərq qoymaq lazımdır. De-fakto o deməkdir ki, onlar ərazini fiziki olaraq işğal ediblər və oranı tərk etməyəcəklər. Amma de-yure siz deyə bilməzsiniz ki, oranı tamamilə ilhaq etmisiniz. Beynəlxalq ictimaiyyət bu əraziləri Rusiyanın bir hissəsi kimi tanımır. Bu cür çətin müzakirələrdir".

Kelloq hesab edir ki, siyasi həll yolu tapmaq üçün həm Ukraynanın, həm də Rusiyanın mövqelərini başa düşmək, həmçinin hər iki tərəfi qismən də olsa qane edən kompromis tapmaq lazımdır: "Ukraynalılar nə istəyir? Ruslar nə istəyir? Biz bu mövqeləri bir araya gətirməli və hər iki tərəfi qane edə biləcək variant tapmalıyıq. Amma təbii ki, heç bir tərəf istədikləri hər şeyi əldə etməyəcək".

“AzPolitika.info”

Seçilən
40
22
azpolitika.info

10Mənbələr