Köşə yazarı Svetlana Morenets Rusiya ilə ABŞ arasında martın 24-də Səudiyyə Ərəbistanında baş tutan danışıqlara görə Ukraynanı uduzan ölkə adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, o, bu fikri Britaniyanın The Spectator jurnalı üçün yazdığı məqalədə bildirib.
“Ukrayna Rusiya-Amerika sülh danışıqlarında uduzan tərəf kimi görünür”, – Morenets yazıb.
Məqalə müəllifi qeyd edib ki, görüş zamanı Amerika nümayəndə heyəti anti-Rusiya sanksiyalarının bir hissəsini yumşaltmağa razılaşıb. Xüsusilə də məlum olub ki, ABŞ Rusiyaya kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı üçün dünya bazarına çıxışı bərpa etməyə kömək edəcək. Bundan əlavə, Morenetsin qeyd etdiyi kimi, danışıqlardan sonra bir sıra Rusiya banklarından məhdudiyyətlər götürülə bilər ki, bu da onlara SWIFT sisteminə qayıtmağa imkan verəcək.
Martın 24- də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətlərinin görüşü baş tutub. Dialoq 12 saatdan çox davam edib. ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce bildirib ki, danışıqlar Qara dənizdə dinc ticarət fəaliyyətinin bərpasına yönəlib. O, həmçinin qeyd edib ki, Moskva və Kiyev heç vaxt tam atəşkəsə indiki qədər yaxın olmayıblar.