Musavat.com xəbər verir ki, The Wall Street Journal ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı yeni resurs razılaşmasının Kiyev üçün qəbuledilməz olduğunu yazır.
Məqalədə bildirilir ki, Vaşinqtonun irəli sürdüyü yeni müqavilə Ukraynaya qarşı son dərəcə sərt şərtlər qoyur və əsas məqsəd Kiyevdən milyardlarla dollarlıq hərbi və maliyyə yardımının geri qaytarılmasını tələb etməkdir.
Sənədə əsasən Ukrayna resurslarından və infrastruktur layihələrindən əldə edilən gəlirlər Delaver ştatında qeydiyyata alınacaq "ABŞ və Ukraynanın Bərpa İnvestisiya Fondu" adlı quruma yönləndiriləcək.
Ekspertlər bunun ilk növbədə ABŞ-ın maraqlarına xidmət etdiyini bildirir.
Bundan əlavə, Ukraynanın artıq lisenziyalaşdırılmış resurs layihələrinin siyahısını 45 gün ərzində təqdim etməsi tələb olunur. Prezident Aparatının rəhbəri Andrey Yermakın müşaviri Timofey Milovanov isə Ukrayna parlamentinin belə bir razılaşmanı heç vaxt qəbul etməyəcəyini bəyan edib.
Buna baxmayaraq, "Atlantik Şurası" eksperti Reyçel Ritzonun sözlərinə görə, Tramp administrasiyası Kiyevə güclü siyasi təzyiq göstərməyi planlaşdırır. ABŞ-ın Ukraynanı razı salmaq üçün yeni strategiyalar üzərində işlədiyi bildirilir.
Musavat.com