İki həftəlik bayram tətili günlərində hərə bir məkana üz tutur. Bu yerlər indi daha gözəldir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yazın ilk günləri Böyük Qafqazın cənub yamaclarına sığınan Şahdağ Milli Parkının Oğuz rayonu ərazisində fərqli və daha gözəl, bir çox təbiət mənzərələri, şəlalələri ilə seçilir.
Milli Parkın ərazisində iki turizm marşrutu fəaliyyət göstərir. Onlardan biri Baş Daşağıl kəndi istiqamətdə, digəri isə Oğuz şəhərindən Böyük Qafqaza tərəf istiqamətlənir.
İkinci istiqamət üzrə cəmi 3.5 km məsafə qət etməklə siz təbiətin əsrarəngiz gözəlliyini kəşf edə, bol-bol oksigen qəbul edərək ruhunuzu dincəldə bilərsiniz. Bu marşrutun üzərində yol boyu çay və meşəlik sizləri müşayiət edəcək.
Sonda daha bir möhtəşəm mənzərə ilə qarşılaşacaqsınız. Xeyli uzaqdan gələn su səsi sizi həmin istiqamətə aparır. Bu, Şahdağ Milli Parkı ərazisindəki bir neçə şəlalədən biri, lakin bənzəri olmayan möhtəşəm Quruçay şəlaləsidir.
Quruçay şəlaləsi iki pillədən ibarətdir. Birinci pilləsi təxminən 25-30, ikinci isə 15-20 metirdir. Şəlaləyə getmək üçün turist marşrutu mövcuddur.
Şimal-Qərb bölgəsinə səyahət edənlər üçün onu da xatırladaq ki, bu günlər havalar sabit keçir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu