Ukraynada prezident seçkiləri iyulda keçirilə bilər.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın həftəlik “The Economist” jurnalı Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Jurnalın mənbəsi iddia edir ki, Ukrayna lideri Volodimir Zelenski rəqiblərinin qısa müddətdə effektiv kampaniya qura bilməyəcəkləri ümidi ilə seçkiləri gözlənilmədən elan edəcək. Nəşrin məlumatına görə, ötən həftə Zelenski öz ofisinə tam atəşkəsdən sonra seçkilərin təşkili ilə bağlı işə başlamağı tapşırıb, ABŞ rəhbərliyi isə buna aprelin sonuna qədər nail ola biləcəyinə inanır.
“Prezident seçkilərinin vaxtı mayın 8-dən gec olmayaraq baş tutmalı olan hərbi vəziyyətin uzadılması ilə bağlı Ali Radada səsvermənin nəticələrinə əsasən qiymətləndirilə bilər. Zelenski yayda seçki keçirməyi hədəfləyir. Eyni zamanda, Ukrayna qanunları seçki kampaniyası üçün 60 gün ayırır, ona görə də ən erkən tarix iyul ayıdır. Qarşıdan gələn kampaniya üç ay davam edə bilər, çünki hakimiyyət seçici siyahılarını yenidən tərtib etməlidir”, - məqalədə deyilir.
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko bəyan edib ki, seçkilər “avqustdan oktyabr ayına qədər istənilən vaxt” keçirilə bilər. O, Ukrayna Təhlükəsizlik Şurasının ona qarşı sanksiyalar tətbiq etməsini xatırladaraq, seçki kampaniyasının artıq başladığı barədə fikirlərini bildirib.
“The Economist” yazıb ki, Poroşenkoya qarşı məhdudiyyətlərin tətbiqinə səbəb onun ABŞ-yə səfəri və orada prezident Donald Trampın yaxın çevrəsinin nümayəndələri ilə görüşü ola bilərdi.