Qərbi Azərbaycanda yerləşən Əkərək məscidi və Talın qalasında 37 ildən sonra ilk çəkiliş aparılıb.
Axar.az xəbər verir ki, görüntülər Azərbaycan Dövlət Televiziyasının (AzTV) sədri Rövşən Məmmədovun müəllifi olduğu "Həftə" analitik-informasiya proqramının martın 30-da efirə gedən buraxılışında nümayiş etdirilib.
"Bəli, gözlər yoldadır... Qərbi Azərbaycanlılar da doğma dədə-baba torpaqlarına qayıtmaq arzusu ilə yaşayır, insani hüquqlarının təmin olunmasını istəyirlər. Qarabağdan 30 il ayrı düşən, lakin bu gün doğma Qarabağa qovuşan soydaşlarımız kimi...
Təbii ki, Qərbi Azərbaycanlılar üçün də o gün gələcək, mütləq gələcək, İnşAllah. Hələliksə, Qərbi Azərbaycanlıları ekranlara bir qədər də yaxın əyləşməyə dəvət edirik. AzTV komandası olaraq bu illər ərzində çətinliklə də olsa Qərbi Azərbaycanımızdan, tarixi məkanlardan, məscid və qalalarımızdan kadrlar əldə edirik. Onların bəzilərini sizə təqdim etmişik. Missiyamız davam edir. Bu gün daha 2 məkandan kadrları sizə göstərəcəyik, əziz tamaşaçılar. Əkərək məscidi və Talın qalası", - R.Məmmədov bildirib.