Üzün qızarması bədənin təbii reaksiyasıdır və tez-tez utancaqlıq və ya həyəcan anlarında baş verir.
Bəs bu prosesin baş vermə səbəbi nədir?
Bizim.Media xəbər verir ki, SM-Clinic-in kardioloqu Milana Hacıyeva bununla bağlı Gazeta.Ru-ya danışıb.
O qeyd edib ki, üzün qızarması ürək döyüntüsü, tənəffüs və qan dövranı kimi qeyri-ixtiyari bədən funksiyalarını idarə edən avtonom sinir sistemi ilə əlaqələndirilir. Biz utandıqda, beyin bunu stressli vəziyyət kimi qəbul edir. Buna cavab olaraq simpatik sinir sistemi aktivləşir və bu, "mübarizə və ya qaç" reaksiyasını işə salır.
Onun sözlərinə görə, bu reaksiyanın təzahürlərindən biri də üz nahiyəsində qan damarlarının genişlənməsidir. Bu, dəriyə qan axını artıran adrenalinin sərbəst buraxılması səbəbindən baş verir. Nəticədə kapilyarlar genişlənir və üz qırmızı rəng alır.
"Utancaqlıq sosial emosiyadır və tez-tez zəiflik hissləri və ya mühakimə qorxusu ilə əlaqələndirilir. Biz özümüzü yöndəmsiz vəziyyətdə tapanda, beynimiz bunu sosial status üçün təhlükə kimi şərh edir. Bu, stres reaksiyasına səbəb olur, bu da öz növbəsində fiziologiyaya təsir göstərir", - kardioloq əlavə edib.
Bununla belə, o qeyd edib ki, qızarmaq insana xas xüsusiyyətdir. Bu, özümüzü dərketmə və empatiya qabiliyyətimizlə bağlıdır. Biz qızarırıq, çünki başqalarının bizi necə qəbul etdiyini bilirik və bu, emosional reaksiyaya səbəb olur.
"Üz bədənin digər hissələrinə nisbətən daha tez-tez qızarır, çünki bu nahiyədə dərinin səthinə yaxın yerləşmiş çoxlu sayda xırda qan damarları var. Damarlar genişləndikdə qan üzə axışaraq onu qızardır. "Bundan əlavə, üz bədənin ən çox görünən hissəsidir, ona görə də qızartı başqalarına aydın olur", - deyə həkim əlavə edib.
Lakin yadda saxlamaq lazımdır ki, qızarmaq bizim səmimiyyətimizi və emosionallığımızı göstərən təbii reaksiyadır. Bəzi mədəniyyətlərdə bu, hətta dürüstlük və xeyirxahlıq əlaməti kimi qəbul edilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta