“Dünyanın ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının maskası yırtıldı və əsl siması ortaya çıxdı”.
Hafta.az xəər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.
Deputat deyib ki, ABŞ-nin, Qərbin imperialist təfəkkürlü ölkələri, siyasətçiləri və təşkilatları, bu 30 ildə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilməmiş kimi, Azərbaycanın bir milyon insanı yurd-yuvasından qovulmamış kimi, işğal altında olan yüzlərlə kənd və şəhərimiz ermənilər tərəfindən yer üzündən silinməmiş kimi, minlərlə tarixi-mədəni abidəmiz ermənilər tərəfindən məhv edilməmiş kimi, utanmadan, qızarmadan qalxıb Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar”.
Deputat bəyan edib ki, biz 30 ildə kimin kim olduğunu gördük: “Bu günlərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən ABŞ-nin Dini Azadlıq Komissiyasına xatırlatmaq istərdik ki, belə bir missiyanın öz dini tolerantlığı ilə dünyaya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə - azərbaycanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır. Və “Dini Azadlıq” pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədə də hesabat versin”.