1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və İran arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Azərbaycan-İran münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və təmasların, o cümlədən mövcud siyasi dialoqun vacibliyi vurğulanıb, ümumi maraq kəsb edən məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi qeyd olunub.
İki ölkə arasında bir sıra, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə Azərbaycan və İran tərəfindən birgə icra olunan bir sıra layihələrin regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının müvafiq sahələrdə mövcud əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), D-8 çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


