AZ

Qəfil ölüm halları niyə artıb?

Həkim: "Oturaq həyat tərzi qəfil ölüm halı riskini artırır"

Son illərdə qəfil ölüm hallarının artması cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Əvvəlcə bu hal əsasən yaşlı insanlarda müşahidə olunsa da, son dövrlərdə gənclər arasında da artmağa başlayıb. 

Bəs qəfil ölüm nədir və son zamanlar artmasının səbəbləri nələrdir?

Məsələ ilə bağlı daxili xəstəliklər üzrə mütəxəssis həkim Nəbi Absalamov Operativ Media-ya açıqlama verib.

O bildirib ki, əvvəllər qəfil ölüm halları daha çox yaşlı insanlarda müşahidə olunurdu, amma son zamanlarda bu cür hallar gənclər arasında da yayılmağa başlayıb: “Qəfil ölüm hallarının əsas səbəbi kəskin ürək tutmaları və ürəyin funksional problemləridir. Bunun başlıca səbəblərindən biri insanların, xüsusilə gənclərin oturaq həyat tərzi keçirməsidir. Məhz bu cür həyat tərzi orqanizmin fiziki və zehni sağlamlığını zəiflədir.

Bundan əlavə zərərli vərdişlər və qeyri-sağlam qidalanma, məsələn, fast-food tərzində qidalanmaq, ürək problemlərinin yaranmasına və onların şiddətlənməsinə səbəb olur. Bu cür qidalar orqanizmə daxil olduqda onların tərkibindəki keyfiyyətsiz yağlar və əlavə maddələr ürək və digər daxili orqanlarda var olan hər hansı bir patoloji prosesi daha da ağırlaşdırır. Xüsusilə ürəkdə cüzi problemlər olsa belə bu zaman xəstəliklər daha sürətlə və ciddi şəkildə şiddətlənir”. 

Həkim bildirib ki, ürək tutmalarının gənclər arasında yayılmasının əsas səbəblərindən biri də zərərli enerji içkiləri, siqaret və elektron siqaretin istifadəsidir: "Bu kimi maddələr ürəyə və ümumilikdə orqanizmə çox mənfi təsir göstərir. Həmçinin gənclər arasında qeyri-sağlam həyat tərzinin geniş yayılması, bu problemlərin artmasına səbəb olur.

Bəzi hallarda qəfil ölüm və ürək problemlərinin altında genetika və ya anadangəlmə ürək qüsurları dayana bilər. Lakin çox vaxt bu cür hallar qeyri-sağlam həyat tərzi və pis qidalanma ilə bağlıdır. Əgər gənc şəxsin anadangəlmə xəstəliyi yoxdursa o zaman əsasən həyat tərzinin düzgün qurulmaması ciddi problemlərə yol açır.

İnsanlar ilk növbədə hərəkət etməli və mütamadi su içmə vərdişi qazanmalıdırlar. Qeyri-sağlam qidalar nadir hallarda qəbul oluna bilər. Amma onların müntəzəm istehlakı insanın sağlamlığı üçün ciddi risklər yaradır”.

Seçilən
231
50
operativmedia.az

10Mənbələr