İri şirkətlərin səhmləri kəskin şəkildə ucuzlaşmağa başlayıb
ABŞ-ın qlobal bazarın böyük bir qisminə qarşı tətbiq etdiyi yüksək idxal rüsumları dünya iqtisadiyyatına öz təlatümlərini göstərməyə başlayıb, bir çox regionda səhmdarların gəlirlərində itkilər müşahidə edilməkdədir. “Bloomberg Economics”in hesablamalarına görə, tariflərin orta hesabla 20,5 faiz artması ABŞ-da ÜDM-in 3 faiz azalmasına və inflyasiyanın 1,7 faiz yüksəlməsinə səbəb olacaq. Bu proses Avropa İttifaqının (Aİ) iqtisadiyyatına da mənfi təsir göstərəcək, Aİ-nin ABŞ-a ixracının 50 faiz azalması ehtimalları fonunda bu regionda ÜDM-in 1,1 faiz geriləyəcəyi proqnozlaşdırılır. Asiya ölkələrinin iqtisadiyyatı ticarət qarşıdurmalarından xüsusilə ağır zərbə ala bilər, ÜDM-in 5 faiz azalmaya məruz qalması gözləniləndir. Ümumilikdə, Trampın qərarlarının bütün dünya dövlətlərinin iqtisadiyyatını təsir altına salacağı, hətta bəzi ölkələrdə resessiyaya səbəb olacağı fərz edilir.
İlon Maska məxsus holdinq 15 faizdən çox itki ilə üzləşib
“Fitch Ratings”in ABŞ üzrə iqtisadi araşdırmalar qrupunun rəhbəri O. Sonola hesab edir ki, əgər Aİ, Çin və digər ölkələr ciddi cavab tarifləri tətbiq edərsə, bu, böyük miqyaslı ticarət bloklaşmalarına və qlobal iqtisadi geriləməyə gətirib çıxara bilər. ABŞ-ın daxili iqtisadiyyatı qısamüddətli üstünlüklər qazansa da, uzunmüddətli perspektivdə tənəzzüllə üzləşə bilər, ölkədəki aparıcı fond indeksləri ucuzlaşmaqla ölkədə iqtisadi aktivliyi ləngidəcək.
Yeni ticarət müharibəsinin kəskinləşməsi fonunda dünya birjalarında aparıcı şirkətlərin səhm və qiymətli kağızlar üzrə indekslərinin də kəskin şəkildə ucuzlaşmasına səbəb olub. Beynəlxalq fond bazarlarında müşahidə olunan eniş dalğası texnologiya nəhəngləri olan şirkətlərin səhmlərinə ciddi təsir edib. Ən çox dəyər itirən şirkət İlon Maska məxsus “Tesla”da qeydə alınıb, şirkətin səhmləri 2 gündə 15 faizdən çox ucuzlaşıb. “Visa”nın səhmləri 7,74 faiz, “NVIDIA” 7,36 faiz, “Apple” 7,29 faiz, “Berkshire Hathaway” 6,91 faiz itkiyə məruz qalıb. Eyni zamanda, “Meta Platforms”un səhmləri 5,06 faiz, “Amazon”un 4,15 faiz, “Johnson & Johnson”un səhmləri 4,12 faiz, “Microsoft” və “Alphabet” (Google) isə səhmləri 3,4 faiz dəyər itirib. “Meta Platforms”un səhmlərində dəyər itkisi 2,8 faizdən çox olub.
ABŞ-da biznesin qorxu indeksi ən yüksək səviyyəyə yüksəlib
ABŞ-dakı ən böyük “Dow Jones Industrial Average” indeksi 1 faiz ucuzlaşaraq 37.965 bənd təşkil edib. “Standard & Poor’s 500” indeksi 0,23 faiz azalaraq 5062.25 bəndədək geriləyib. Bu, “S&P 500” indeksinin 2010-cu ildən bəri ən böyük ucuzlaşmasıdır. Beynəlxalq birjalarda aparıcı “Bitcoin”in dəyəri 100 min dollardan 81 min dollara qədər geriləyib. Qızılın qiyməti də kəskin ucuzlaşıb.
Bu tendensiya qlobal iqtisadiyyatda gözlənilən makro-iqtisadi siqnallar, faiz dərəcələrinin gələcək səviyyəsi və mərkəzi bankların qərarları ilə bağlı qeyri-müəyyənlik fonunda baş verir. “Morgan Stanley” analitiklərinin fikrincə, Ağ Evin idxal tariflərini artırmaq planlarından geri çəkilmədiyi və ya Federal Ehtiyatlar Sisteminin monetar siyasəti yumşaltmadığı halda, bütün indekslərdə yeni enmə dalğalanmaları baş verəcək. Ən aparıcı fond indekslərinin 7-8 faiz ucuzlaşa biləcəyi ehtimal olunur. Analitik qrup hesab edir ki, fond bazarında çöküşlərin qarşısını almaq üçün effektiv tənzimləmə, texnologiyanın düzgün idarə olunması və investorların məlumatlı qərarlar qəbul etməsi vacibdir. Mövcud vəziyyət investorların panika içərisində olduğunu göstərir. Belə ki, səhmlərin qiymətlərinin qısa müddətdə böyük faizlə azalması, investorların mənfəət və ya zərərləri azaltmaq üçün kütləvi şəkildə satış etmələri likvidliyi azaldır.
Baş verənlər Amerikanın fond bazarında biznesin ümidsizlik əhvalını əks etdirən “VIX” indeksinin (qorxu indeksi) son illərin ən yüksək səviyyəsinə yüksələrək 60 punkta qalxmasına səbəb olub. Ötən ay bu rəqəm 35-40 punkt idi və az qala 2 dəfə artım biznes icması üçün çox pis göstərici sayılır.
Bazar iştirakçıları hazırda iqtisadi göstəricilər, mərkəzi bank siyasətləri və qlobal ticarət gərginliyi kimi faktorları diqqətlə izləyir. Gələcək günlərdə fond bazarının sabitləşib-sabitləşməyəcəyi müəmmalı olaraq qalır.
ELBRUS