AZ

Murad Vəliyev oynadı, komandası elitada ilk xalını qazandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, ötən gün Estoniya çempionatında 2024-cü il mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

“Nomme Yunayted” doğma meydanda “Kalyu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda qol vurmadan cari mövsümdə ilk xalını qazanıb – 0:0.

“Nomme Yunayted”ə fevral ayında qoşulmuş Vəliyev bu oyuna start heyətdə başlayıb və sonadək meydanda qalıb.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ cinah vingeri olan 21 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 9 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Komanda 3 turdan sonra 1 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
4
arena.az

10Mənbələr