AZ

Murad Vəliyev “Nomme Yunayted”də qol hesabını açdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Estoniya çempionatında 2024-cü il mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

“Nomme Yunayted” bu turda doğma meydanda “Tammeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan əzmkar qələbə ilə ayrılıb – 2:1.

İlk hissənin sonunda (45+2) məğlub duruma düşən “Nomme Yunayted” fasilədən sonra vəziyyəti xeyrinə dəyişməyi bacarıb.

“Nomme Yunayted”ə fevral ayında qoşulmuş Vəliyev bu oyuna start heyətdə başlayıb və sonadək meydanda qalıb. Komandasının ilk qolunu da Murad vurub. O, 77-ci dəqiqədə komanda yoldaşı Aleksandr Musolitinin ötürməsini dəqiq zərbə ilə tamamlayıb. 81-ci dəqiqədə isə Musolitin özü fərqlənərək əzmkar qələbəni rəsmiləşdirib.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ cinah vingeri olan 21 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 5 oyuna çıxıb və 1 qola imza atıb.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 10 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Elitadakı ilk qələbəsini məhz “Tammeka” üzərində qazanan komanda 5 turdan sonra 4 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
5
Mənbələr
Şərh ()
Bağla