AZ

Azərbaycanın elm tarixində böyük iz qoyan alim

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Hər bir dövlət tanınmasında, digərlərindən seçilməsində yetişdirdiyi ziyalıların böyük rolu vardır. Azərbaycan tarix boyu parlaq zəkalı, uzaqgörən ziyalıları ilə tanınmış, rəğbət qazanmışdır. XX əsr elm və mədəniyyət tarixində misilsiz xidmətlər göstərmiş onlarla görkəmli şəxsiyyət ölkəizin adını, nüfuzunu dünya səviyyəsində tanıtmışdır. Belə ziyalılardan biri də Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevadır. Zərifə xanımın tanınmış dövlət və ictimai-siyasi xadim, böyük şəxsiyyət Əziz Əliyevin qızı olması onun dövrünün ziyalı mühitində yetişməsinə, formalaşmasına böyük təsir göstərmişdir.

Məhz Zərifə xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi sayılan ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmışdır. Zərifə xanımın respublikada yüksək ixtisaslı kadrların hazırlanması, gənc alimlərin və həkim-oftalmoloqların yetişməsində xidmətləri danılmazdır. 

Zərifə xanım 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanı uğurla müdafi etmişdir. Traxomanın sosial xəstəlik kimi Azərbaycanda ləğvi məhz Zərifə xanımın araşdırmalarının nəticəsidir. 1977-ci ildə isə “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.

Doktorluq dissertasiyasını müdafiəsindən sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən Zərifə xanım, 1983-cü ildə Zərifə Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçilmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Zərifə xanım Əliyevanın tibbi təcrübə və kadr hazırlığında böyük xidmətləri vardır. Alim bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.

Görkəmli alim, gözəl insan Zərifə xanım, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. Akademik, tanınmış oftalmoloq alim Zərifə xanım Əliyeva elmi xidmətlərinə görə Azərbaycanın elm tarixində böyük iz qoymuşdur.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Seçilən
169
14
1

1Mənbələr

Şərh ()
Bağla