AZ

Basketbol: Azərbaycan millisi Olimpiadaya lisenziya qazandı!

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Honkonqda təşkil olunmuş Olimpiya Təsnifat turnirinin qalibi olub.

Arena.az xəbər verir ki, aprelin 12-də start verilmiş turnirə bu gün yekun vurulub.

Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerdən ibarət millimiz B qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılaşıb.

Komandamız qrupda ilk oyununu aprelin 12-də Çiliyə qarşı keçirib. Qarşılaşma yığmamızın 17:14 hesablı qələbəsi ilə yekunlaşıb.

Növbəti iki matç isə aprelin 13-də baş tutub. Millimiz öncə Monqolustanla qarşılaşıb və 13:12 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində komandamız həm də yarımfinala vəsiqəni təmin edib. Qrupdakı sonuncu oyununda millimiz Niderland yığması ilə qarşılaşıb və bu rəqibinə 11:15 hesabı ilə uduzub.

Qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar. Yarımfinal və final oyunları bu gün – aprelin 14-də baş tutub. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaqdı.

Azərbaycan yığması yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gəlib. Rəqibini 21:19 hesabı ilə üstələyən komandamız finala yüksəlib. Həlledici oyunda isə komandamız Polşa yığması ilə üz-üzə gəlib. Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız həm təsnifat turnirinin qalibi olub, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bununla da Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi tarixi bir ilkə imza atıb. Belə ki, Azərbaycan ilk dəfə komanda idman növündə Olimpiadada təmsil olunacaq.

Seçilən
135
27
Mənbələr
Şərh ()
Bağla