AZ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Bakı, 26 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 26-da Göygöl şəhərində, Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Göygöl və Daşkəsən rayonları sakinlərinin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Göygöl şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla anıb.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Göygöl və Daşkəsən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib.

Vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə dövlətimizin başçına minnətdarlıqlarını bildiriblər.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
6
Mənbələr
Şərh ()
Bağla