AZ

Sülh mətni yenidən masada: Almatı növbəti tarixə şahidlik edə bilər – Kritik gəlişmə

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qazaxıstanda Azərbaycanla Ermənistan arasında keçiriləcək görüşdən fərqli gözləntilər var. Delimitasiya və sülh mətni üzərində bu müstəvidə aparılacaq danışıqların effektivliyini necə dəyərləndirirsiniz?

- Qazaxıstan görüşünü və burada aparılacaq danışıqları platforma adlandırmaq tezdir. Çünki burada söhbət Xarici İşlər nazirləri arasındakı ilk görüşdən gedir. Bunun isə nə qədər davamlı olduğunu zaman göstərəcək. Amma öz-özlüyündə görüşün Qazaxıstanda keçirilməsi Azərbaycanın mövqeyinin nə qədər güclü olmasının göstəricisidir. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərindən sonra Ermənistanda oldu. Tokayevin İrəvanda bir çox vacib məsələlərlə yanaşı Azərbaycanla Ermənistan arasında aparılacaq danışıqlarda vasitəçi olması təklif edildi. Bu, həmin razılaşmanın Azərbaycanla Qazaxıstan arasında əldə olunmuş razılığa əsaslandığını deməyə əsas verir.

- Rusiya və Qərb platformasında indiyə kimi aparılan danışıqların bundan sonrakı müzakirələrə təsiri ilə bağlı yanaşmalar necədir?

- Azərbaycan üçün qarşı tərəflə davamlı görüşlərin keçirilməsi lazımdır. Ermənistanla ilk görüşlər Rusiya platformasında keçirildi. Bunun nəticəsi olaraq 2021-ci ilin yanvarında Moskva bəyannaməsi qəbul edildi. 2021-ci ilin payızında isə Soçidə görüşlər keçirildi. Artıq həmin müddətdə Qərb platforması genişlənirdi. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin fevral, mart, avqust görüşləri, 2022-ci ilin noyabrında isə Praqa platforması baş tutdu. Eyni zamanda digər görüşlər ABŞ, Belçika və Çexiyada oldu. Bütün bunların nəticəsində danışıqların müsbət sonlancağına dair ümidlər var idi.

- Qərb platformasında aparılan intensiv danışıqların dayanmasına səbəb nə oldu?

- Azərbaycanın Ermənistana təklif etdiyi 5 təməl beynəlxalq hüquqa əsaslanan prinsiplər bu görüşlərdə təklif edilmişdi. Sonradan çox təəssüflər olsun ki, Fransanın apardığı ədavətli siyasət Qərb platformasının üzərindən xətt çəkdi. Hazırda Avropa İttifaqı seçkilər ərəfəsindədir. Məhz bunu nəzərə alaraq Azərbaycanla Ermənistan arasında danışıqların başqa məkanlarda keçirilməsi labüd idi.

- Sərhədlərin delimitasiyası ilə bağlı artıq praktiki baxımından yerdə işlər aparılır. Sizcə, sərhədlərin dəqiqləşməsinin Almatı razılaşmasına əsasən yekunlaşması nə dərəcədə realdır?

- Delimitasiya və demarkasiyanın Almatı razılaşmasına uyğun olaraq sona kimi aparılması ilə bağlı bütün məsələlər aydınlaşdırılmalıdır. Çünki Almatı razılaşmasında ümumi sərhədlərdən söhbət gedirdi. Amma sərhədlərin tam olaraq hansı xəritələr üzərində müəyyənləşməsi və dəqiqləşməsi Almatı bəyannaməsində qeyd edilməyib. Sərhədlərin dəqiq xətti yalnız iki ölkənin ekspert və işçi qruplarının apardığı işin yekununda aydın olacaq.

- Artıq tərəflər arasında çərçivə sülh sazişinin imzalancağı ilə bağlı müsbət məqamlardan danışılır. Almatıda çərçivə sülh mətni üzərində hansısa müzakirələrin aparılması ehtimalı varmı?

- Sözsüz ki, gözlənilən Almatı görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlər məsələsi öz həllini tapmayacaq. Çünki müzakirə mövzusu delimitasiya və demarkasiyanın hansı xəritələr üzərində aparılmasını nəzərdə tutmur. Bu daha çox sülh müqaviləsinin mətni olacaq. Sülh müqaviləsinin mətnində bəzi məqamlar var ki, bu tərəfləri qane etmir. Hazırda bu istiqamətdə müzakirələr davam edir. Yekun sülh müqaviləsinin isə imzalanmasından danışmaq hələ tezdir. Çünki Ermənistanın qanunvericilik aktları, simvolları dəyişdirilməyib. Ermənistan bu dəyişiklikləri etdikdən sonra sülh müqaviləsinin imzalanması mümkün ola bilər. Eyni zamanda delimitasiya və demarkasiya işləri də Ermənistanın bu maneələri ilə birbaşa bağlıdır. Ermənistan konstitusiyasını, gerbini dəyişmədiyi halda Azərbaycanla bu ölkə arasında Qazaxdan başqa digər bölgələrdə və sərhədlərdə tam olaraq sərhəd xəttinin dəqiqləşməsindən söhbət gedə bilməz.


Müəllif: Tapdıq Qurbanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
31
Mənbələr
Şərh ()
Bağla