AZ

Makron Ukraynada gülüş obyektinə çevrildi...

Image

Fransa prezidenti Emmanuel Makronun boş vədlər verməkdən, yerinə yetirilməsi mümkün olmayan fikirlər səsləndirməkdən başqa heç nə edə bilmədiyini bu gün Ukraynada da açıq mətnlə vurğulayırlar. Bu fonda Makronun Britaniyanın “The Economist” jurnalına müsahibəsində səsləndirdiyi fikirlər Ukrayna daxil olmaqla bütün dünyada istehza ilə qarşılanır. 

Müsahibəsində Makron yenidən NATO ölkələri hərbçilərinin Ukraynaya göndərilə biləcəyini istisna etmədiyini deyib. O vurğulayıb ki, Avropa İttifaqı  ölkələri nüvə silahına malik olan və Ukraynada müharibəyə başlayan bir ölkə ilə eyni qitədə yaşamalarına baxmayaraq, müdafiəyə hələ də ABŞ və ya Çindən əhəmiyyətli dərəcədə az vəsait xərcləyirlər. Fransa prezidentinin sözlərinə görə, elə bir situasiya yarana bilər ki, ABŞ indi olduğu qədər Aİ ölkələrini himayə etmək iqtidarında olmaz və o zaman onlar yalnız öz qüvvələri hesabına müdafiə olunmalı olarlar. Makron bundan əvvəl olduğu kimi yenə də Ukraynaya Qərb hərbçilərinin göndəriləcəyini istisna etmədiyini deyib: “Mən heç nəyi istisna etmirəm, çünki biz hazırda heç nəyi istisna etməyənlə qarşı-qarşıyayıq. Mənim aydın strateji məqsədim var: Rusiya Ukraynada qalib gələ bilməz. Əgər Rusiya Ukraynada qalib gəlsə, Avropada daha təhlükəsizliyimiz olmayacaq. Kim deyə bilər ki, Rusiya orada dayanacaq? Digər qonşu dövlətlər - Moldova, Rumıniya, Polşa, Litva və bir çox başqa dövlətlər hansı təhlükəsizliyə malik olacaqlar?” Makron deyib ki, Rusiya bu müharibədə Ukrayna üzərində qələbə qazanmamalıdır və Kiyevin müttəfiqləri də qarşılarına yalnız bu məqsədi qoymalıdırlar. Fransa prezidentinin sözlərinə görə, hazırda Ukraynaya qoşun göndərilməsi məsələsi gündəlikdə deyil, amma əgər ruslar cəbhə xəttini yarsalar və Ukrayna belə bir kömək istəsə, bu məsələyə baxıla bilər. Makron vurğulayıb ki, qoşun göndərilməsi məsələsini birdəfəlik istisna etmək böyük səhv olardı. Ekspertlər isə qeyd edir ki, hazırda rus ordusu irəliləyir, Ukrayna isə hər cür yardım istəyir. Onda Makronun nəyi gözlədiyi hələ də dəqiq bəlli deyil. Eyni zamanda onun Ukrayna barədə danışdıqları da cəfəng hesab olunur. Məsələn, Ukraynaya yardımların həcminə görə Fransa Almaniyadan geridə qalır. Halbuki, Berlin Ukraynaya Qərb hərbçilərinin göndərilməsi ideyasını dəstəkləmir. Bundan başqa, iyun ayında Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə seçkilər keçirilməlidir. Rəy sorğuları göstərir ki, bir sıra ölkələrdə Ukraynanın dəstəklənməsinə skeptik yanaşan sağ populist partiyalar uğur qazana bilərlər. Sorğulara görə, Fransada da Makronun tərəfdarları sağçı Milli Birlikdən geridə qalırlar. İndi pafoslu açıqlamalarla Makron durumu dəyişmək istəyir. Amma özünü daha çox lağ predmetinə çevirir.  Bu xüsusda Ukraynanın “Strana” nəşri yazır ki, gurultulu açıqlamalar verən Emmanuel Makron Kiyevə gəlməkdən belə qorxur və Ukraynaya qoşun yeritmək üçün qoyduğu şərtləri yerinə yetirmir: “Fransa lideri, iki şərt yerinə yetirilərsə, Müstəqillik ərazisinə qoşun yeridəcəyini açıq şəkildə ifadə etdi: Rusiya ordusunun cəbhədə sıçrayışı və Ukraynanın tələbi. Lakin prezident Volodimir Zelenski çoxdan kömək istəyir. Eyni şey Rusiya ordusunun irəliləyişinə də aiddir. İlin əvvəlindən bəri onlardan ikisi var - Avdeevka və Oçeretinoda. Ruslar bu yerləri tutub. Ancaq heç kim qoşun yeritməyə tələsmir.

Fakt budur ki, NATO-nun aparıcı ölkələri - ABŞ, Britaniya, Almaniya və İtaliya alyansla Rusiya arasında birbaşa toqquşma olacağı təqdirdə nüvə müharibəsi təhlükəsi səbəbindən Makronun təşəbbüsünü dəstəkləməyib. Bundan əlavə, Ukraynaya qoşun yeritmək planlarından dəfələrlə danışan Fransa prezidentinin özü Kiyevə getmir. O, fevralın əvvəlində gəlməli idi, lakin sonra "təhlükəsizlik səbəbi ilə" səfəri təxirə saldı. Mart ayında onun ya yaxın günlərdə, ya da yaxın həftələrdə gələcəyi bildirildi, lakin artıq maydır və Makron hələ də orada deyil. Qərb mediası səfərin ləngiməsini Makronun əvvəlcə digər NATO ölkələri ilə qoşun göndərilməsi mövzusunda “məsləhətləşmək” istəməsi ilə əlaqələndirib. Ancaq məsləhətləşmələr də çox uzanır. Bundan əvvəl Fransa lideri “Lissabondan Odessaya qədər” humanizm ideyalarını və Avropa dəyərlərini müdafiə etməyə çağırıb. Amma yenə də ortada heç nə yoxdur”.  Ukraynalı ekspert Aleksandr Çeryomin isə bildirir ki, bu cür bəyanatlarla Makron yalnız Qərbin müəyyən şərtlər altında baş verə biləcək hərbi konsolidasiya ehtimalını nümayiş etdirmək istəyir: “Rusiya üçün əsas məsələ Odessaya çatmaqdır ki, bütün Qara dəniz sahilləri Rusiyanın bir hissəsi olsun. Makron isə indi bütün istiqamətlərdə hücumun getdiyini görüb, sadəcə olaraq arzulamağa başlayır. O göstərmək istəyir ki, rus qoşunlarının müəyyən nöqtədən sonra hücumu NATO ölkələrini Ukraynada öz qoşunlarını yerləşdirməyə sövq edə bilər ”. Çeryomin xatırladıb ki, rus qoşunları artıq Xarkov ətrafında və Kiyev yaxınlığında olub, lakin sonra Makron Ukraynaya qoşun yeritmək üçün heç bir tədbir görməyib: “Makron sadəcə olaraq Zelenskinin və ya bəlkə də gələcək yeni prezidentin simasında Ukrayna rəhbərliyinə göstərmək istəyir ki, Fransa onları tərk etməyəcək. Bu fonda da  bəzi anlaşılmaz açıqlamalar verir. Deyir ki, rus qoşunları hansısa xətti  keçəndə Fransa və onun müttəfiqləri hücuma keçəcəklər. Amma bu xəttin nə olduğunu heç kim bilmir”. 

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
50
Mənbələr
Şərh ()
Bağla