AZ

Məşhur basketbolçuların formaları hərracda 20 mln. dollara satılacaq

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) iki əfsanəvi oyunçusunun formaları hərraca çıxarılacaq və onların birlikdə 20 mln. dollara satılacağı proqnozlaşdırılır.  

Valyuta.Az "CNBC"yə istiadən xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evi məlumat yayıb.

Söhbət Michael Jordan (Maykl Cordan) və Kobe Bryantın (Kobi Brayant) debüt matçlarında geyindikləri formalardan gedir.

"Bu iki formanı tarixi baxımdan qiymətləndirmək çətindir. Onlar son dərəcə nadir nümunələrdir," – deyə "Sotheby's"in müasir kolleksiya əşyaları üzrə rəhbəri Brahm Vaçter bəyanatında bildirib.

Formalar martın 21-dən etibarən ayrı-ayrı lotlar şəklində satışa təqdim ediləcək.  

Cordanın forması ilk dəfə 5 oktyabr 1984-cü ildə İllinoys ştatının Peoriya şəhərində, "Chicago Bulls" komandası ilə ilk oyununda cəmi 2 000 tamaşaçı qarşısında geyinilib.  

"Sotheby's" bildirib ki, Cordanın debüt mövsümünə aid formalar son dərəcə nadir tapıntılardır və bazarda nadir hallarda görünür.  

Cordan həmin debüt mövsümündə orta hesabla 28,2 xal toplayaraq "İlin Ən Yaxşı Debütantı" mükafatına layiq görülüb. Daha sonra altı NBA çempionluğu qazanan Cordan, basketbol tarixinin ən böyük oyunçularından biri kimi adını əbədiləşdirib.  

"Sotheby's" bu tarixi formanı təxminən 10 mln. dollara satmağı gözləyir.  

İkinci lotda isə Brayantın 1996-97-ci illər mövsümündə "Los Angeles Lakers" komandası ilə ilk oyunlarında geyindiyi forma satışa çıxarılacaq. "Sotheby's" bildirib ki, bu nadir forma həm Brayantın ilk mövsümöncəsi, həm də müntəzəm mövsüm oyunlarında istifadə olunub.  

Brayant cəmi 18 yaşında NBA-ya qoşulub və karyerası ərzində beş NBA çempionluğu və iki dəfə "Finalın Ən Dəyərli Oyunçusu" (MVP) mükafatını qazanıb. O, 2020-ci ildə baş verən faciəvi helikopter qəzasında dünyasını dəyişib.  

Brayantın formasının da təxminən 10 mln. dollara satılacağı gözlənilir.  

"Sotheby's" qeyd edib ki, debüt xatirə əşyalarına olan tələbat son zamanlar artıb. 2023-cü ilin oktyabrında "Victor Wembanyama"nın "San Antonio Spurs" komandası ilə oyunda geyindiyi forma 762 000 dollara satılıb, 2022-ci ilin avqustunda isə 1952-ci il istehsalı "Topps Mickey Mantle" debüt kartı 12,6 mln. dollara alıcı tapıb.  

"Debüt formaları idmançının karyerasının başlanğıcını təmsil edir. Həqiqətən unikal kolleksiya əşyaları axtaran kolleksiyaçılar üçün bu, basketbol tarixinin ikonik parçalarına sahib olmaq üçün bir ömürdə bir dəfə yaranan fürsətdir," – deyə Vaçter bildirib.  

Rəhim

Seçilən
71
valyuta.az

1Mənbələr